Dünyada geosiyasi güc balansı dəyişir. Ukraynada başlayan müharibənin uzanması, Rusiyanın daha sərt və maksimalist tələblərlə çıxış etməsi, Qərbin isə hərbi-siyasi cəbhədə daha çox toparlanması gələcəkdə böyük toqquşma ehtimalını artırır. NATO üzvlərinin verdiyi açıqlamalar, xüsusilə Almaniya kimi ölkələrin 2029–2030-cu illərlə bağlı xəbərdarlıqları göstərir ki, bu ehtimallar təkcə ritorik deyil – müəyyən real təhlillərə söykənir. Bu fon, həm də NATO daxilində hərbi xərclər məsələsinə yönəlmiş “yumşaq təzyiq”in bir formasıdır. Yeni dünya düzəni isə artıq formalaşır – təlatümsüz keçməyəcək.
Mövzu ilə bağlı Oqtay Qasımov Editor.az-a bildirib ki, NATO üzvləri tərəfindən zaman-zaman böyük savaş ehtimalı ilə bağlı səsləndirilən fikirlər müəyyən reallıqlara əsaslanır:
“Ukraynada başlanan müharibə hələ də davam edir və Rusiya bu prosesi dayandırmaq, Ukrayna ərazilərindən geri çəkilmək fikrində deyil. Əksinə, daha maksimalist tələblərlə müharibəni uzatmağa çalışır.
Digər tərəfdən, Rusiyanın strateji tərəfdaşı olan Çin də bu savaşda Moskvanın məğlub olmasını istəmir. Çin bunun qarşısını almaq üçün bütün mümkün vasitələrə əl atır. Bu da ondan xəbər verir ki, hazırda dünya yeni bir düzənin formalaşma mərhələsindədir. Tarixən bu cür düzən dəyişiklikləri ciddi siyasi və hərbi təlatümlərlə müşayiət olunub”.
O. Qasımovun sözlərinə görə, Ukraynada baş verənlər, Orta Şərqdəki gərgin vəziyyət, İranla bağlı açıq qalan suallar, eləcə də Çinin Tayvan məsələsində sərt mövqeyi yaxın gələcəkdə qlobal miqyaslı gərginliklərin dərinləşəcəyini göstərir:
“NATO-Rusiya və NATO-Çin arasında birbaşa toqquşma ehtimalı da gündəmdədir. Əslində Ukraynadakı müharibə dolayısı ilə NATO ilə Rusiya arasında gedən mübarizədir.
Bundan əlavə, Sakit Okean hövzəsində ABŞ-ın NATO-da olmasa da, strateji müttəfiqi olan Yaponiya, Cənubi Koreya, Avstraliya, Filippin və digər dövlətlər də Çinin artan təsirindən narahatdır.
Əgər proseslər hazırkı templə davam edərsə, gələcəkdə daha genişmiqyaslı qarşıdurmaların qaçılmaz olacağı görünür. Almaniyanın müdafiə naziri də daxil olmaqla bəzi Avropa rəsmilərinin 2029–2030-cu illərdə Rusiya ilə NATO arasında toqquşma ehtimalı ilə bağlı səsləndirdikləri fikirlər sadəcə siyasi ritorika deyil – bu, mövcud proseslərin qiymətləndirilməsidir.
Digər tərəfdən, bu tip açıqlamalar həm də NATO daxilində hələ də hərbi xərcləri artırmaq istəməyən dövlətlərə yönəlmiş xəbərdaredici mesajdır. Onlara aydın şəkildə bildirilir ki, əgər müdafiə xərcləri artırılmasa, NATO-nun bütövlükdə Rusiya qarşısında mövqeyi zəifləyə bilər. Bu isə nə NATO-nun, nə də bütövlükdə Avropanın maraqlarına uyğun deyil”.
//Gülnarə Abasova, Editor.az