“Yatmış Şahzadə” kimi tanınan Səudiyyə şahzadəsi Əl-Valid bin Xalid Əl Səud təxminən iyirmi il komada qaldıqdan sonra 36 yaşında vəfat edib.
Bu barədə onun atası, şahzadə Xalid bin Talal Əl Səud X-də dərc olunan postunda bildirib.
Faciə 2005-ci ildə, Londonda hərbi kollecdə oxuyan 15 yaşlı Əl-Valid ağır avtomobil qəzası keçirən zaman baş verib. O, beyin qanaması və ağır daxili xəsarətlər alıb. Ər-Riyaddakı xəstəxanaya köçürüldükdən sonra heç özünə gəlməyib və o vaxtdan bəri süni nəfəs aparatında olub.
Şahzadə Xalid oğlunun sağalacağına ümid edərək bütün bu illər ərzində həyat dəstəyini dayandırmaqdan imtina edib. Onun inadkarlığı ərəb dünyasında geniş rezonans doğurub və sosial mediada dəstək olub.
Şahzadənin ölümündən sonra ərəb dilli internetdə #SleepingPrince həştəqi yayılıb və minlərlə istifadəçi ailəsinə başsağlığı verib. Atasının bəyanatında deyilir: "Allahın iradəsinə inanaraq və dərin hüznlə sevimli oğlumuza yas tuturuq. Allah rəhmət eləsin".
Almaz Həsənli