Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatında “22 iyul – Milli Mətbuat günü” münasibətilə tədbir keçirilib. Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və mətbuat nümayəndələri iştirak edib. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayevjurnalistləri bayram münasibətilə təbrik edib, 150 illik yubileyini qeyd edən Azərbaycan mətbuatının keçdiyi uzun və şərəfli yoldan danışıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bu gün ölkədə azad, demokratik və güclü mətbuat vardır. Hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha sonra natiq YAP İmişli rayon təşkilatının media qurumları ilə işini peşəkar səviyyədə qurmasından söhbət açıb.
Çıxış edən mətbuat nümayəndələri qeyd ediblər ki, ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Milli mətbuatın inkişafı və çiçəklənməsi məhz Ulu Öndərin hakimiyyəti dövrünə təsadüf edir. Çıxışçılar Azərbaycan milli mətbuatının tarixinin zəngin və keşməkeşli olduğunu bildirib, müasir mətbuatımızın bu gün uğurla inkişaf etdiyini və milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması istiqamətində mühüm rol oynadığını vurğulayıblar.
Tədbirin sonunda mətbuat nümayəndələrinə milli mətbuatın inkişafındakı rollarına, respublikamızın, o cümlədən də İmişli rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı yeniliklərin ictimaiyyətə obyektiv və qərəzsiz şəkildə çatdırılmasında xidmətlərinə görə “Fəxri Fərman” və hədiyyələr təqdim olunub.