Böyük Britaniyanın Milli Səhiyyə Sistemində həm işçilərə, həm də xəstələrə təsir edən irqçilik problemi var.
Ölkə.Az “The Times”a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə Naziri Ues Stritinq məlumat yayıb.
Bu gün açıqlanacaq hesabatdan əvvəl nazir Stritinq ölkənin səhiyyə sistemində irqçilik probleminin mövcudluğunu vurğulayıb. Nazirin sözlərinə görə, ölkədə qaradərili qadınların dörddə biri ayrı-seçkiliyə məruz qalıb.
Nazir deyib ki, həkimlər bəzi qaradərili qadınlara "güclü qara qadınlar" olduqlarını deyərək doğum evlərində onlara ağrıkəsici verməyib.
Hesabatı 2019-cu ildə iki ana tərəfindən qurulan “Fivexmore” təşkilatı hazırlayıb. Təşkilatın hesablamalarına görə, qaradərili qadınların doğuşdan əvvəl, doğuş zamanı və ya doğuşdan sonra ölmə ehtimalı ağ qadınlara nisbətən beş dəfə çoxdur.
Bu gün qaradərili qadınların doğuş zamanı ağdərili qadınlara nisbətən ölmə ehtimalı 2,3 dəfə çoxdur. Bu, hər 3500 doğuşda bir qara qadının və hər 8200 doğuşda bir ağ qadının ölməsi deməkdir.
Tədqiqata görə, 845 qadının dörddə biri 2021-ci ilin iyulundan 2025-ci ilin martına qədər analıq baxımı zamanı ayrı-seçkiliyə məruz qaldıqlarını bildirib. İştirakçıların 23%-i heç vaxt istədikləri ağrı kəsicilərlə təmin edimədiklərini, 40%-i isə onlara heç vaxt izahat verilmədiyini bildirib.
Billurə Yunus