AZ

"Mətbuatımız ötən 150 ildə çətin, lakin şərəfli yol keçib" - Deputat

“İyulun 22-də milli mətbuatımızın yaradılmasının 150-ci ildönümü tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, publisist Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açıldı. Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir”.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, milli mətbuatımız “Əkinçi” ilə başlanan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb. Mətbuat özlüyündə cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Bu baxımdan, Azərbaycan milli mətbuatı yarandığı vaxtdan etibarən həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi bir missiyanı da yerinə yetirib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan mətbuatı ötən 150 ildə çətin, lakin şərəfli yol keçib. Müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalsa da, öz yolundan dönməyib, həqiqətin carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Belə bir şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır.

Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığı istiqamətində də çox uğurlu irəliləyişlər göz qabağındadır. Ölkədə söz azadlığı tam təmin olunub, istər yazılı, istərsə də onlayn kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilir. Özünəməxsus inkişaf yolu keçən Azərbaycan mətbuatının, kütləvi informasiya vasitələrinin cəmiyyətə, ictimai fikrə təsiri bu gün özünü daha qabarıq şəkildə büruzə verir. Belə ki, cəmiyyət inkişaf etdikcə, "dördüncü hakimiyyət" adlandırılan medianın öhdəlikləri də artır.

“Ümummilli lider Heydər Əliyevin mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Azərbaycan mətbuatının inkişafına xidmət edən bir sıra qanun və sərəncamlar imzalayıb, Medianın İnkişafı Agentliyinin yaradılması, "Media haqqında" qanun isə Azərbaycan mediasında yeni mərhələnin başlanğıcı olub. Bu gün milli mətbuatımız milli maraqlarımızın qorunmasında, informasiya təhlükəsizliyinin təmin olunmasında da prinsipial mövqe nümayiş etdirir. Bu baxımdan, 44 günlük Vətən müharibəsi media üçün bir sınaq dövrü oldu və Azərbaycan mediası informasiya müharibəsində də öz üstünlüyünü qorudu. Bu mənada tarixi zəfərimizdə medianın rolunu xüsusi qeyd etməliyik. Hazırda dünyada güc amili həm də informasiya mübarizəsində əldə edilən üstünlüklə xarakterizə olunur. Bu mənada döyüş meydanında savaş bitsə də, informasiya cəbhəsində mübarizə bitməyib və görünən odur ki, uzun müddət davam edəcək. Ona görə də, Azərbaycan mediası bundan sonra da milli maraqlarımız naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. İnanırıq ki, belə də olacaq. Mən mətbuat işçilərini peşə bayramları münasibəti təbrik edir, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram”, - deyə Samir Vəliyev vurğulayıb.

 

Seçilən
29
32
unikal.az

10Mənbələr