Dünya dəyişməkdədir və biz dezinformasiya haqqında bir neçə ildir ki, danışırıq. Yanlış məlumatların yayılmaması üçün biz cəmiyyətin diqqətinə həqiqətin harada olduğunu çatdırmalıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Pakistanın DND xəbər agentliyinin direktoru Ağa İqrar Harun Şuşa Qlobal Media Forumu çərçivəsində Laçında keçirilən “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masada deyib.
Məsuliyyətli jurnalistin məlumatları ictimaiyyətə düzgün, sürətli və keyfiyyətli şəkildə çatdırmasının önəmini vurğulayan Ağa İqrar Harun bu istiqamətdə əməkdaşlığın çox vacib olduğunu, qərəzsiz xəbərlərin yayılmasında mühüm rol oynadığını bildirib.
AZƏRTAC-ı 105 illiyi münasibətilə təbrik edən direktor agentlik ilə 2018-ci ildən əməkdaşlıq etdiyini deyərək iki ölkə arasında fəal xəbər mübadiləsi aparıldığını vurğulayıb.
"Bəzi Avropa xəbər agentlikləri 44 günlük müharibə zamanı yanlış məlumatlar paylaşarkən, Pakistan mediası AZƏRTAC-la çox sıx əməkdaşlıq edərək ən son məlumatları ötürürdü", - deyə o əlavə edib.