AZ

Yasamalda evlərin su xətlərinin üzərində tikilməsi çətin vəziyyət yaradıbVİDEO

Bakının Yasamal rayonunda evlərin altından keçən su xətti partlayıb, həyətlər su içində qalıb.

Rayonun Rahib Tağıyev küçəsi, 4 ünvanında yaşayan sakinlər problemlə bağlı "Xəzər Xəbər"in qaynar xəttinə müraciət ediblər.

Xezerxeber.az-ın məlumatına görə, onlar deyiblər ki, ötən ilin dekabr ayından bəri köhnə su xətti partladığı üçün həyətlərinə su dolur. Sakinlər bildirirlər ki, su borusu köhnə və qəzalı vəziyyətdədir, ona görə müxtəlif yerlərdən su axır.

Eyni problemdən qonşuluqda yaşayanlar da əziyyət çəkirlər. Borunun onların həyətlərindən keçən hissəsindən may ayında etibarən su sızır. Axan su isə torpaq qatını yuyur. 

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, sözügedən ərazidə evlərin su xətlərinin üzərində tikilməsi həmin xətlərin istismarına ciddi problem yaradır. O cümlədən xətdə təbii səbəbdən baş verən qəzaları da aradan qaldırmaq çətinləşir. “Qurum olaraq bu kimi ərazilərdə yaranan vəziyyətlə bağlı sakinlərə dəfələrlə müracət edilsə də, nəticə dəyişməz olaraq qalır. Buna baxmayaraq, sukanal idarəsinin əməkdaşları istismar işlərini, qəzaların aradan qaldırılması işlərini intensiv şəkildə həyata keçirirlər”, - deyə xidmətdən bildirilib.

Vətəndaşlara su xəttinin keçdiyi ərazidən torpaq satıb ev tikilməsinə kim tərəfindən icazə verildiyini öyrənmək üçün yerli icra hakimiyyəti və bələdiyyə ilə əlaqə saxlamağa çalışdıq. Lakin bununla bağlı suallarımız cavablandırılmadı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
133
11
xezerxeber.az

8Mənbələr