AZ

Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...


Təbriz Musayev: “Bu, Ərdoğan tərəfindən Putinə verilən sonuncu şans da sayıla bilər”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsi məlumat yayıb.

Liderlər telefon danışığında ikitərəfli əlaqələrlə yanaşı, regional məsələləri də gündəmə gətiriblər. Ərdoğan həmkarına Ukrayna ilə danışıqların üçüncü raundunun başlamasının vacib olduğunu, İstanbulun da danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib. Vladimir Putin Ərdoğana İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarını davam etdirməyə hazır olduğuna görə təşəkkür edib. Putin həmçinin Ukraynadakı münaqişənin siyasi və diplomatik həllini tapmağa sadiq olduğunu bildirib.

Onu da nəzərə almaq lazımdır ki, Tramp Rusiyaya 50 gün vaxt verib. O baxımdan Rusiya Türkiyədə növbəti danışıqlara gedərmi?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, hər şey Putinin qərarından asılı olacaq: “Əslində, Ərdoğan Putinə şans verir ki, bu dağıdıcı və işğalçı müharibəyə son qoysun. Bu, Ərdoğan tərəfindən Putinə verilən sonuncu şans da sayıla bilər. Çünki Rusiyanın resursları nə qədər böyük olsa da, sonsuz deyil. Bir tərəfdən bəli, ABŞ prezidenti Donald Tramp Putinə 50 gün vaxt verib. Bu, o deməkdir ki, sentyabrın 1-i Putinə verilən vaxt başa çatır. Düzdür, Tramp Putinə çox güzəşt etdi, ancaq artıq bu limit də bitir. Trampın belə mövqeyinə görə reytinqi aşağı düşür, Konqresdən ona təzyiqlər artır. Hazırda Konqresdə çoxluq Respublikaçılar Partiyasının lehinə olsa da, qarşıdakı seçkilərdə bu nisbət dəyişəcək. Digər tərəfdən, yayda Rusiyanın böyük ərazilər ələ keçirəcəyi ilə bağlı proqnozlar da özünü doğrultmadı. Bu gün iyulun 19-u olsa da Rusiya ordusu önəmli logistik strateji əhəmiyyətə malik olan Pokrovs şəhərini ələ keçirə bilməyib. Rusiyanın insan resursları böyük olsa da, əsgərlərin çoxu hazırlıqsızdır. Ukrayna müharibəsində Rusiyanın hazırlıqlı zabitlərinin çoxu öldürülüb. Bununla yanaşı, Avropa İttifaqının bir sıra üzvləri Ukraynaya hərbi yardımları gücləndirir. Aİ ölkələrində istehsal olunmayan silahları, xüsusən də çox mükəmməl hava hücumundan müdafiə vasitəsi olan “Patriot” sistemlərini ABŞ-dan Ukrayna özü pulla alır. Digər tərəfdən, Avroittifaq nəhayət ki, Rusiyaya qarşı 18-ci sanksiya paketini qəbul etdi. Burada diqqət çəkən məqam odur ki, bu paket əvvəlkilərdən daha sərt tədbirlər ehtiva edir və xüsusilə də Rusiyanın neft və enerji sektoruna yönəlib. Məqsəd Kremlin əsas gəlir mənbələrindən olan neft ixracından əldə etdiyi valyuta daxilolmalarını azaltmaq və onun müharibəni maliyyələşdirmə qabiliyyətini məhdudlaşdırmaqdır. Sanksiyalar çərçivəsində G7 ölkələri tərəfindən Rusiyanın nefti üçün müəyyən edilən qiymət tavanı 1 barel 60 dollardan 47,6 dollara endirilib. Bu, Kreml üçün əlavə maliyyə yükü deməkdir. Qiymət tavanı, Rusiyanın neftini daha ucuz qiymətə satmağa məcbur etməklə, onun gəlirlərini azaldır və bu da müharibə xərclərinin qarşılanmasına mənfi təsir göstərir. Yeni sanksiya paketində Rusiyanın neft ixracında istifadə etdiyi gəmiçilik və sığorta xidmətlərinə qoyulan məhdudiyyətlər mühüm rol oynayır. Çünki bu xidmətlər olmadan neftin dünya bazarına çıxarılması çox çətinləşir. Eyni zamanda, sanksiyalar Rusiyanın enerji sektorunda istifadə etdiyi qabaqcıl texnologiyaların tədarükünü də əhatə edir ki, bu da uzunmüddətli perspektivdə hasilatın azalmasına gətirib çıxara bilər. Ona görə də Rusiya növbəti İstanbul görüşündə konstruktiv mövqe sərgiləməsə, nəticəsi bu ölkə üçün ağır olacaq”.

Vidadi ORDAHALLI

Seçilən
18
50
baki-xeber.com

10Mənbələr