Prezidentin Ağdam və Xocalıya səfəri – xalqın iradəsi, dövlətin gücü, torpağın dirçəlişi
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Ağdam və Xocalıya növbəti səfəri bir daha təsdiq etdi ki, işğaldan azad edilmiş ərazilərdə həyat tamamilə yeni mərhələyə qədəm qoyub. Bu səfər həm mənəvi baxımdan dərin rəmzi məna daşıyır, həm də Azərbaycanın yenidənqurma və inkişaf yolunda nə qədər qətiyyətli olduğunu göstərir. Əgər bir zamanlar bu torpaqlarda viranəlik və sükut hökm sürürdüsə, bu gün dövlətimizin iradəsi və xalqımızın birliyi nəticəsində Ağdam və Xocalı dirçəlir, canlanır, inkişaf edir.
Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri planlı və ardıcıl şəkildə davam edir:
“Bu gün Ağdamda və Xocalıda yeni yollar salınır, yaşayış kompleksləri inşa olunur, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri tikilir, enerji və su təchizatı sistemləri qurulur. Prezident İlham Əliyev Ağdam və Xocalıya növbəti səfəri zamanı da bir sıra mühüm obyektlərin açılışında iştirak etdi, görülən işlərlə yerində tanış oldu. Bütün bunlar sübut edir ki, görülən işlərin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı və rifahı dayanır”.
S.Salmanova qeyd edib ki, Prezidentin azad edilmiş ərazilərə hər səfəri xalqla birbaşa təmasın, dövlət-vətəndaş əlaqələrinin canlı nümunəsidir:
“Dövlət başçısı bu səfərlərlə həm görülən işlərə nəzarət edir, həm də xalqla birbaşa ünsiyyət qurur. Bu isə xalqda böyük ruh yüksəkliyi və gələcəyə inam yaradır. Bu gün Qarabağa qayıdan hər bir vətəndaş əmindir ki, onun arxasında güclü dövlət və onun lideri dayanır. Prezidentin səfərləri eyni zamanda, xalqın qələbə ruhunu qoruyur, işğaldan azad olunmuş torpaqlarda milli həmrəyliyi daha da möhkəmləndirir”.
Parlamentari söyləyib ki, Ağdam və Xocalı bu gün təkcə keçmişin acı xatirəsi yox, həm də gələcəyin ümid, inkişaf və yenidənqurma ünvanıdır:
“Dövlətimizin yaratdığı şərait nəticəsində Qarabağda həyatın bütün sahələrində ciddi canlanma müşahidə olunur. Artıq söhbət yalnız fiziki infrastrukturun bərpasından getmir. Eyni zamanda, burada xalqın ruhunun dirçəlişi, mədəniyyətimizin, tariximizin və kimliyimizin yenidən ayağa qalxması prosesi gedir. Bu bölgələrə göstərilən diqqət və qayğı onu deməyə əsas verir ki, nə bir kənd, nə bir vətəndaş diqqətdən kənarda qalmayacaq. Prezident İlham Əliyevin qətiyyətli liderliyi, xalqın isə bu siyasətə verdiyi güclü dəstək sayəsində Qarabağda qurulan yeni həyat Azərbaycanın milli iradəsinin və əzmkar dövlət siyasətinin təntənəsidir”.