AZ

Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO


Şagirdlərinin, tələbələrinin - yetişdirdiyi kamil insanların, mütəxəssislərin sonsuz diqqət, sevgi və ehtiramı onun ömrünə ömür caladı

"Demə ki, keçdiyi cığırlar kəsə,

Otaqdan başlayıb, otaqda bitər,

Otuz il sinifdə var-gəl edibsə,

Bəlkə də yol gedib Magellan qədər..."

(Musa Yaqub)

Beş-altı aydan sonra bizim əyani tanışlığımızın 40 yaşı tamam olur. Böyük müddətdir,necə deyərlər, bir igidin ömrüdür. Geri boylananda yeganə təəssüfləndiyim vaxtın çox sürətlə keçməsidir, sanki dünəndir, düşünəndə yuxu kimi gəlir... O zaman mən Zaqatala rayonu Muğanlı orta məktəbinin IX sinfində oxuyurdum, Sabir müəllim isə qonşu Qandax kənd məktəbinin direktoru idi. Həmin 1986-da Azərbaycan KP MK-nın müvafiq qərarı ilə Xalq şairi Səməd Vurğunun anadan olmasının 80 illiyi bütün ölkəboyu böyük təntənə ilə keçirilirdi. Bizdə isə bir ilk baş vermişdi: respublika rəhbərliyindən, Yazıçılar Birliyindən, mərkəzi mətbuatdan ünlü isimlərin qatıldığı möhtəşəm tədbiri nə partiya funksioneri, nə incəsənər xadimi, nə də hansısa tanınmış pedaqoq idarə edirdi; belə məsul vəzifə Qandax məktəbinin dörd nəfər (2 oğlan, 2 qız) X sinif şagirdinə həvalə olunmuşdu. Vurğulanan faktın özü hər şeyin dəqiqliklə ölçülüb-biçildiyi, zərrəbinlə nəzərdən keçirildiyi, sözün dəyərdən düşmədiyi, ictimai rəyin, mədəni-kütləvi tədbirlərin böyük gücünə, təsirinə önəm verildiyi ötən əsrin səksənlərində kiçik kənddəki təhsil ocağının kollektivinə, direktoruna böyük etimadın sübutudur və şübhəsiz ki, Sabir Qurbanov bu diqqəti, hörməti, məhəbbəti öz dərin savadı, zəhmətkeşliyi, müdrikliyi, zəngin idarəçilik təcrübəsi ilə qazanmışdı.

Sözügedən tədbirlərdə AYB-ni Xalq yazıçısı Vidadi Babanlı və şair İlyas Tapdıq təmsil edirdilər. Aşağı Tala kənd orta məktəbində, S.Vurğun adına təsərrüfatın idarəsinin həyətində başlayan yüksəksəviyyəli yubiley mərasimləri rayon Mədəniyyət evində, ayrı-ayrı təhsil, sənət məkanlarında neçə gün davam etdi və partiya komitəsinin akt zalında yekunlaşdı. Görkəmli şairin həyat və yaradıcılığı ilə bağlı əsas məruzə fəlsəfə doktoru Həşim İsmayılova tapşırılmışdı. İkinci katib Rəhilə Əhmədova, RPK təbliğat-təşviqat şöbəsinin müdiri Hümbət Bayramov, Maarif şöbəsinin müdiri Saleh Qazıyev, təcrübəli pedaqoqlar Ramazan Tahirzadə, Məhəmməd Osmanov, Tahir Məmmədov, Xuraman Ələsgərova ədəbi-bədii müzakirələrin dolğunluğu üçün əllərindən gələni əsirgəmədilər. Rəhmətlik ağsaqqal partkom Məhəmməd Poladovun çıxışında Babanlının adını unudub (“İlyas müəllimlə Tapdıq müəllim bizim əziz qonaqlarımızdır”) bir nəfəri iki şəxs kimi təqdimatı, bunu təbəssümlə qarşılayan Vidadi müəllimin ilk hekayələrini Şıxlı imzası ilə yazdığı, sonradan dəfələrlə İsmayıl Şıxlı ilə səhv salındığına görə təxəllüsünü dəyişdiyi barədə söhbəti də o yorğun, amma gözəl və yaddaqalan günlərin dodaqqaçıran xatirələrindəndir.

Artıq yavaş-yavaş qocalığa doğru gedən və hərdən xəyanət edən yaddaşımın qırx il əvvəlki saxlancını təzələməkdə məqsədim Sabir müəllimin üstün təşkilatçılığı ilə yanaşı, uca şəxsiyyətini, insani keyfiyyətlərini də önə çəkməkdir. Həmin silsilə tədbirlərdə hamının ürəyi dolu idi, vaxta nəzarət, reqlamentə riayət xeyli çətinləşmişdi. Yuxarılar məruzəçidən müəyyən ümumiləşdirmələr xahiş edirdilər, bəzi natiqlərin çıxışları az qala ixtisara düşəcəkdi... Lakin onun ağsaqqal vasitəçiliyi ilə bütün problemlər həllini tapdı, çünki dahi Səməd Vurğun barədə deyiləcəklər zamandan əvvəl, əsl ədəbiyyat təəssübkeşinin böyük ürəyinə sığmışdı. Və tələbkar publika qarşısında mən də kasıb söz xurcunumdan bir-iki şeir söylədim, dəyəsən hətta alqışlandım da...

Qarşıdan S.Qurbanovun ssenari müəllifliyi və rəhbərliyi ilə bir sıra milli və maraqlı tədbirlər, o cümlədən 1988-ci ilin Novruz şənlikləri gəlirdi. Artıq Zaqatalada dərc olunan “Qırmızı bayraq” qəzetinin ştatdankənar müxbiri kimi bəndeyi-həqir də sözügedən hadisələrin canlı şahidinə çevrildi. Yaddaqalan mərasimlərin təşkilində məktəblilərə Zaqatala İHB-nın nümayəndəsi Harun Əsgərov, o vaxt SSRİ-də ən gənc təsərrüfat rəhbəri Mübariz Şabanov, müavini rəhmətlik İsmayıl kişi, ağsaqqal Qurban dayı, onun oğlu mərhum iş adamı Rəfail Məmmədov, təşkilatçı İbrahim Bayramov, Xanoğlan müəllim, Qandax, Faldar, Kəpənəkçi kəndlərinin əhalisi də köməklik göstərdiyindən, miqyas akt zallarına yerləşməyib stadionlara çıxdı. Mübaliğəsiz, tam səmimi sözümdür, mən sonralar heç vaxt heç yerdə o gözəllikdə Novruz görmədim. Bir yandan hələ işğalsız və şəhidsiz baharın ilıq nəfəsi, digər tərəfdən müttəfiq respublikalarda milli oyanış zəminində ümumittifaq səviyyəsində yumşalmalar ürəkləri sevinc hissi ilə doldurmuş, damarlarda qanı coşdurmuşdu. Nə gizlədim, yaşlı adamların gözündə “Şıxəli Qurbanov taleyi”ndən doğan narahatlıq, qorxu da vardı. Sabir Qurbanov isə meydandan çəkilmədi və xalqın öz tarixi keçmişinə qayıdışından, bu özünüdərk prosesində gərəkliyindən xeyli şad idi.

Bu mənada qəhrəmanımızı sözlə, ədəbiyyatla yanaşı, həm də millət cəfakeşi saymaq mümkündür. Onun təkcə Araz deyil, adları sadalanan kəndlərin ətəklərindən axan Alazanın (Qanıx) o tayında - Gürcüstandakı soydaşlarımızdan ötrü də necə qəribsədiyini, nisgilləndiyini görmüşəm. Zaqatala yeniyetmələrini – direktor, müəllim olaraq çalışdığı təhsil ocağının şagirdlərini Marneuli, Bolnisi, Qardabani rayonlarının azərbaycanlı yaşayış məntəqələrinə apardığı səfərlərə, oradakı məktəblərdə keçirdiyi görüşlərə qatılmışam. Və əmin olmuşam ki, gənc nəsillərin yalnız elmi, savadı, peşə hazırlığı üçün yox, həm də vətənpərvərliyi, milli duyğuları, dünyagörüşünün formalaşması naminə çalışır.

Qurbanov Sabir Əhməd oğlu 1939-cu il iyulun 10-da Zaqatala rayonunun Kəpənəkçi kəndində dünyaya göz açıb. İki qız övladdan sonra gəlişi ilə hamını sevindirib. Kəpənəkçi kənd ibtidai məktəbində dördillik (1048-1952), sonra isə “İşıq məbədi” sayılan Qandax kənd orta məktəbində ümumi orta təhsil (1952-1958) alıb. Daha sonra o dövrün məşhur elm ocağı Zaqatala Pedaqoji Texnikumunda (1958-1960) “İbtidai sinif müəllimi” ixtisasına yiyələnib. Yengiyan kənd yeddiillik, Mosul kənd orta məktəblərində sinif müəllimi işləyib. 1962-ci ildə işdən ayrılmamaqla Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub.

1970-ci ildən 1996-cı ilə qədər Qandax orta məktəbində direktor, 1996-2011-ci illərdə Kəpənəkçi kənd məktəbində dil-ədəbiyyat müəllimi kimi çalışıb. Daha sonra Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında pedaqoji fəaliyyət göstərib. “Ümumi dilçilik”, “Ədəbiyyat nəzəriyyəsinə giriş”, “Azərbaycan ədəbiyyatı tarixi”, “Ədəbiyyatın tədrisi metodikası”, “Dünya ədəbiyyatı”, “Azərbaycan ədəbi tənqidinin tarixi” fənlərindən mühazirə oxuyub, seminar və imtahanlar aparıb.

Sabir müəllim həm də gözəl ailə başçısı, qayğıkeş atadır. 1962-ci ildə Laləzar Musaxan qızı Əhmədova ilə ailə həyatı qurub. Beş övlad böyüdüb tərbiyə ediblər: Sevda, Bəxtiyar, Əliyar, Vüqar, Rəna. Vüqarın vaxtsız vəfatından sarsılsa da, əyilməyib, digər uşaqlarına, nəvələrinə, şərəfli müəllim peşəsinə, xalqın balalarını savadlandırmağa sevgisi ilə təskinlik tapıb.

Atası Əhməd Hacı Şaban oğlu, anası Yetər Hacı İbrahimxəlil qızı, bacıları Gözəlvə Gülarə xanıma söhbətlərində, müsahibələrində, yazılarında daim tükənməz məhəbbətini bildirir. Onlarla yanaşı, xüsusi ehtiramını izhar etdiyi müəllimləridir. İbtidai və orta məktəblərdə Əlif və Məhəmməd Babayev qardaşları, Səlim Məmmədov (Faldar), İslam Yunusov (Muğanlı), Allahverdi Xəlilzadə, Məmməd Əfəndiyev, Ziya Bayramov (Qandax), Talıb Talıbov (Muğanlı), Soltan Kazımova, Lətifə Sofiyeva (Zaqatala şəhəri); texnikumda Əziz Abbasov, Fazil Əfəndiyev, Mina Əfəndiyeva, Əliyar Məmmədov, Sona Səfərəliyeva, Ələkbər Muradov, Bayraməli Ələkbərov və başqaları; ali məktəbdə akademik Əbdüləzəl Dəmirçizadə, Xalq yazıçısı İsmayıl Şıxlı, professorlar Zeynal Tağızadə, Azər Hüseynov, Həsən Mirzəyev, Feyzulla Qasımzadə, Əməkdar elm xadimi Paşa Əfəndiyev, Kövsər Tanrıverdiyeva və adlarını qeyd edə bilmədiyi daha neçə-neçə müəlliminin unudulmaz xatirəsi ürəyində yaşayır. S.Qurbanovu peşəkar səviyyəyə yüksəldən ibtidaidən ali təhsilə öz müəllimlərini böyük qədirdanlıqla yad etməsi və onları həyat idealı seçməsidir.

O, dostluqda, yoldaşlıqda da daim sədaqətli olub, haqq-salama dəyər verib, keçmiş əlaqələri unutmayıb, nəinki tanıdığı, kənar, yad insanlardan belə, bacardığı köməyi əsirgəməyib.

Bir neçə kəlmə də ağsaqqal pedaqoqu həyata bağlayan, ona yaşam stimulu verən digər məsələ - müdrik qələmi, publisistikası barədə... Qocalıqdan, vücudunun fiziki zəifliyindən yatağa düşəndə belə, sevimli yaradıcılığından əl çəkmədi. Yaxşı yadımdadır, keçən ilin avqustunda ailə üzvləri mənə telefon açıb növbəti məqalənin oxuculara təqdimatına kömək istədilər. “Ulu muğamın sirli-sehrli dünyası” sərlövhəli irihəcmli məqalə (Baba uzanıqlı vəziyyətdə diqtə eləmiş, nəvələr qələmə almışdılar) respublika mətbuatında işıq üzü gördü.

Ümumilikdə isə Sabir müəllimin respublika mətbuatında 7-si elmi məqalə olmaqla çoxsaylı yazıları – “İmtahan yaxınlaşır”, “Müasir tələblər”, “Əsas meyar”, “Siz hardasınız, məzunlar?”, “Poeziya baharı”, “Kəpənəkçi (Zaqatala) ulusunda folklor nümunələri”, “İlyas Əfəndiyev - 100”, “Azərbaycan ədəbiyyatı tarixi kursunun tədrisində mühazirə üsulunun imkanlarından istifadə yolları”, “Xoşbəxt taleli yazıçı” və digər əsərləri dərc edilib. O, “Atam, anam və mən”, “Zaqatalanın qədim yaşayış məskənlərindən biri – Kəpənəkçi kəndi haqqında”, Dədə Qorqud işığında Kəpənəkçi – qədim yurdum mənim”, “Xatirə” kitablarının müəllifidir. “Heydər Əliyev və Azərbaycan dili”, “Nizami Gəncəvi - 850”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, “Məhəmməd Füzuli - 500”, “Hüseyn Cavid - 110”, “Xalq şairi Zəlimxan Yaqubla görüş” və sair tədbirlərin təşəbbüsçüsü və rəhbəri olub. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2009-cu ildən Zaqatala rayon Ağsaqqallar Şurasının sədr müavinidir.

Sabir Əhməd oğlu haqqında çox danışmaq, yazmaq mümkündür. Təkcə bir faktı vurğulamaq kifayətdir ki, artıq doqquzuncu onilliyi xırdalayan möhtəşəm ömrün 70 ilə yaxını uşaqların, yeniyetmə və gənclərin elminə, tərbiyəsinə, dünyagörüşünə sərf edilib. Yüzlərlə yetirməsi məktəb direktoru, təhsil şöbəsinin müdiri, bələdiyyə sədri və digər sahələrdə rəhbər vəzifələrdə çalışır. Ən başlıcası isə o, müəllimlər müəllimidir və kamil insan yetişdirir. Tabeçiliyindəkilərə, şagirdlərinə hörmətlə yanaşar, ümumiyyətlə hər hansı bəşər övladını şəxsiyyət kimi qəbul edərdi. Düşünəndə heyrətlənirəm, adam nə qədər genişürəkli, səviyyəli, bütöv olar ki, bir orta məktəb şagirdini zəif cızma-qaralarına görə şair, jurnalist, yazar adlandırsın, o qapıdan girəndə ayağa qalxsın, beləcə, təkmilləşməyə, daha yaxşı yazılara ruhlandırsın...

Mən bu insanı həmişə tufanlı, dumanlı dənizdə gəmilərə yol göstərən mayak, zülməti işıqlandıran bir şam, çıraq, işıq kimi təsəvvür edirəm. İndi ağbirçək həyat yoldaşı və qədirdan övladları Zaqatala rayonunun Kəpənəkçi kəndində onun çarpayısının yanında, qulluğundadırlar. Zamanın küləkləri şahə qalxıb o nuru söndürə də bilər, gücləndirə də... Ancaq bir təsəllimiz var ki, Sabir müəllim çoxsaylı şagird və tələbələrinin qəlbində daim sönməz diqqət, hörmət, məhəbbətlə anılacaq və deməli, əbədi yaşayacaq.

86 yaşın mübarək, əziz Ustad!

Qurban Cəbrayıl
“Mədəniyyət” jurnalının redaktoru

phrase_var_article.chosen
70
50
baki-xeber.com

10phrase_var_article.sources