Mütəxəssislər xəbərdarlıq edirlər ki, isti hava dalğaları, quraqlıq və zəif meşə idarəçiliyi bir araya gələrək Avropada bu il indiyədək 232 min hektar meşə ərazisinin yanmasına səbəb olub – bu isə təxminən Lüksemburq qədər bir sahə deməkdir.
Avropa Birliyinin Meşə Yanğınları üzrə Məlumat Sisteminin (EFFIS) məlumatına görə, 15 iyul tarixinədək Avropada 231 539 hektar meşə sahəsi yanıb. Bu rəqəm uzunmüddətli orta göstərici olan 105 586 hektarı 119 faiz üstələyir.
Son həftələrdə meşə yanğınları on minlərlə insanın evlərini tərk etməsinə səbəb olub, Türkiyədə azı üç nəfər həyatını itirib, İspaniyanın Kataloniya bölgəsində komendant saatı tətbiq olunub, Yunanıstanın Krit adasından kütləvi təxliyə həyata keçirilib, Fransanın Marsel şəhəri ətrafında ciddi dağıntılar baş verib. Bu siyahı hələlik tam deyil və yay davam etdikcə daha da uzanacağı gözlənilir.
EFFIS məlumatlarına əsasən, bu il 1 230 meşə yanğını qeydə alınıb ki, bu da ilin bu dövrü üçün orta göstərici olan 478 fəlakəti üç dəfəyə yaxın xeyli üstələyir. Həmçinin fevral-mart aylarında Qərbi və Mərkəzi Avropadakı quraq və isti hava şəraiti bu artımın əsas səbəbi sayılır. Eyni tendensiya yanmış ümumi sahənin qeyri-adi dərəcədə yüksək rəqəmlərində də əksini tapır.
Avropa Komissiyasının rəsmisi bildirib ki, mart ayından sonra yanmış sahə göstəriciləri artıq uzunmüddətli ortalamaya yaxınlaşıb.
Qlobal Meşə Müşahidəsi (GFW) təşkilatının tədqiqatçısı Sara Karter deyir: “2023-cü ilin tarixin ən isti ili olduğunu bilirdik. 2024 də bu sıradadır. Beləliklə, isti və quru şəraitin davam etməsi gözləniləndir”.
Karter vurğulayır ki, iqlim dəyişikliyi səbəbilə yay fəslinin həm başlanğıcı, həm də sonu uzanır: “Əgər əvvəllər meşə yanğınları əsasən yay ortasına təsadüf edirdisə, indi bu mövsüm həm erkən başlayır, həm də gec bitir”.
EFFIS və “Copernicus” Atmosfer Monitorinq Xidməti (CAMS)-in məlumatına görə, 16 iyula qədər AB ölkələrində meşə yanğınları nəticəsində havaya 1,9 meqaton karbon buraxılıb. Bu isə atmosferdə istixana qazlarını artıraraq “yeni yanğınlar üçün zəmin yaradır”.
Bu il hansı ölkələr daha çox zərər çəkdi?
Avropa Komissiyası nümayəndəsinin bildirdiyinə görə, Türkiyədə iyunun sonu və iyulun əvvəlində baş vermiş böyük yanğınlar bu dövr üçün rekord səviyyəli ziyanla nəticələnib. Bəzi yanğınların miqyası o qədər geniş olub ki, emissiya səviyyəsi son 22 ilin ən yüksək göstəricisinə çatıb.
İngiltərədə, xüsusilə Şotlandiyada baş vermiş yanğınlar da bu ölkənin son 22 ildə ən yüksək illik emissiya səviyyəsinə gətirib çıxarıb.
EFFIS-in statistikasına görə, yanğınlardan zərər çəkmiş ərazi baxımından Rumıniya bu il diqqət çəkir: burada illik orta 23 min hektar olsa da, 2025-ci ildə bu rəqəm artıq 123 min hektara çatıb.
Karter qeyd edir ki, Avropada ağac örtüyünün itirilməsi hallarının yalnız 3 faizi yanğınlarla bağlıdır – qalan hissə əsasən meşə təsərrüfatı fəaliyyəti nəticəsində baş verir. Lakin Cənubi Avropa ölkələrində, məsələn, İspaniya, Portuqaliya və Yunanıstanda son illərdə yanğınlar meşələrin əsas məhvetmə səbəbinə çevrilib.
Ekspertlər yanğının qarşısını almaq üçün meşələrin mozaika prinsipi ilə idarə olunmasını, yandırıcı növlərdən (məsələn, evkalipt) uzaq durulmasını, nəmişliyin qorunmasını və yanğın əleyhinə zonaların yaradılmasını vacib hesab edirlər.
Amma bəzi bölgələrdə artıq vəziyyət nəzarətdən çıxıb. Quraqlıq və güclü külək birləşəndə, “elə yanğınlar baş verir ki, artıq onlarla mübarizə mümkün olmur”.
Avropada erkən xəbərdarlıq və tədbirlər
EFFIS və “GFW” platformaları erkən xəbərdarlıq sistemləri təqdim edirlər. Bu sistemlər sayəsində insanlar havanın keyfiyyəti, evlərinin təhlükəsizliyi və sağlamlıqları ilə bağlı vaxtında məlumatlanırlar.
Sara Karter xəbərdarlıq edir: “Bu yay da əvvəlkilərdən fərqlənməyəcək. İnsanlar yaşadıqları və ya səyahət etdikləri bölgələrdə havanın keyfiyyətinin pisləşəcəyini, dolanışıq və sağlamlıq baxımından təhlükələrin artacağını anlamalı və hazır olmalıdırlar”.