AZ

Bu il 700 bal yığan abituriyent niyə olmadı?

Dövlət İmtahan Mərkəzi iyulun 6-da keçirilən II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrini açıqlayıb. II ixtisas qrupu üzrə ən yüksək nəticə 677,9 bal, III ixtisas qrupu üzrə isə 691,8 bal olub. Bu il 700 bal toplayan abituriyentin olmaması isə müzakirələrə səbəb olub. Təhsil eksperti Məzahir Məmmədli Metbuat.az-a açıqlamasında bu yanaşmanı düzgün hesab etməyib: “Bəziləri bunu Dövlət İmtahan Mərkəzinin qurduğu sistemin problemi kimi təqdim etməyə çalışdı, digərləri isə ümumtəhsil məktəblərində təhsilin səviyyəsinin aşağı olması ilə əlaqələndirdi. Amma mənə görə, "700 bal niyə yoxdur?" sualı bir qədər düzgün yanaşma deyil. Yetər ki, müasir dövrün tələblərinə cavab verən, bilikli, bacarıqlı, savadlı uşaqlar yetişsin. Əslində, bu gün bizim üçün daha ciddi problem odur ki, ümumtəhsil məktəblərinin reytinqi hələ də abituriyentlərin topladığı ballarla ölçülür. Təəssüf ki, hansı məktəbin məzunu maksimum nəticə göstəribsə, bu, həmin məktəb üçün bir növ piar vasitəsinə çevrilir. Bu yanaşma isə, fikrimcə, kökündən qüsurludur və dəyişməlidir”. Ekspertin sözlərinə görə, qəbul qaydaları sadələşdirilməli, bu cür nəticələrin piar alətinə çevrilməsi dayandırılmalıdır: “Çünki abituriyentlər bir-biri ilə müqayisə olunur, bəzən bu müqayisələr psixoloji gərginlik yaradır. Elə hallar olur ki, abituriyent zəif nəticə göstərsə də, bunun müxtəlif səbəbləri ola bilər. Ya biliyini ifadə edə bilməyib, ya da bilik səviyyəsi bu qədər olub. Təəssüf ki, bəzi hallarda bu, intihara qədər aparır. Buna görə də düşünürəm ki, bizdə qiymətləndirmə meyarları dəyişməli, qəbul qaydaları daha ədalətli və şəffaf şəkildə tənzimlənməlidir. Ümumtəhsil məktəblərinin reytinqi isə təkcə maksimum nəticə göstərən abituriyentlərlə deyil, ümumi nəticələr və abituriyent sayı nəzərə alınaraq qiymətləndirilməlidir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
18
metbuat.az

1Mənbələr