“Bu gün Suriyada baş verən hadisələrə ənənəvi ABŞ–İsrail müttəfiqliyi prizmasından baxmaq tam obyektiv yanaşma olmaya bilər. Əvvəllər İsrailin İrana qarşı planları, yaxud da Səddam Hüseyn rejiminin devrilməsi məsələsində ABŞ və İsrailin maraqları üst-üstə düşürdüsə, bu gün Suriyada fərqli bir reallıq formalaşıb. Hazırda İsrail və ABŞ bir çox məsələdə ortaq mövqedən çıxış etsələr də, bəzi strateji məqamlarda onların arasında fikir ayrılıqları da müşahidə olunur. Suriya məsələsində də bu ziddiyyətlər özünü göstərir. Suriyada baş verən hadisələrin əsas məsuliyyətini İsrail hakimiyyətinin üzərinə qoymaq üçün kifayət qədər əsaslar mövcuddur. Bu iddianın əsaslandırılması üçün ilk növbədə druz icmasına diqqət yetirilməlidir. Onlar Suriyanın müxtəlif bölgələrində yaşayan vətəndaşlardır və istər Əsəd rejimi dövründə, istərsə də ondan əvvəlki mərhələlərdə Suriyaya bağlı olduqları qəbul olunub. Beynəlxalq hüquq baxımından da bu dəyişməyib. Druzlar əvvəllər Suriya dövləti tərəfindən maddi-texniki dəstək alırdı. Lakin son illərdə İsraildən dəstək almaları nəticəsində bu icmanın bir hissəsi Suriya hakimiyyətinə qarşı silahlı çıxışlara başladı”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Xatırladaq ki, Suriyada druz silahlı birləşmələri ilə hökumət qüvvələri arasında toqquşmalar və İsrailin hava hücumları Yaxın Şərqdə gərginliyi artırıb. ABŞ Dövlət Departamenti münaqişədə tərəflərlə danışıqlar aparıldığını və döyüşlərin dayandırılması üçün razılıq əldə olunduğunu açıqlayıb. Lakin İsrailin Diaspora üzrə naziri, Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraanın “məhv edilməli” olduğunu bildirib. Bu çağırış Təl-Əvivin Suriyada hökumət dəyişdirmək niyyətini göstərir.
Siyasi şərhçi bildirib ki, bu, bölgədə xaosun və parçalanmanın yaranmasına səbəb olub.
“Burada nə Suriya hakimiyyətini, nə druzları, nə də İsraili tam haqlı saymaq mümkündür. Çünki bölgədə fəaliyyət göstərən bütün aktorlar – etnik, dini və ya siyasi baxışlarından asılı olmayaraq – öz maraqları çərçivəsində hərəkət edirlər. Hər tərəf müəyyən mənada zorakılığa əl atır, qarşı tərəfi düşmən elan edir və silahlı qruplaşmalar vasitəsilə mövqe qazanmağa çalışır. Nəzərə almaq lazımdır ki, bu etnik və dini fərqliliklərə baxmayaraq, orada yaşayanların hamısı Suriya vətəndaşlarıdır. Lakin onlar vahid milli birlik quraraq güclü dövlət yaratmaq əvəzinə, bir-biriləri ilə mübarizəyə girişirlər. Bu da həm ölkənin, həm də regionun mənafelərinə ciddi zərbə vurur. Suriyanın İsrail ilə münasibətlərinə gəldikdə isə, bu məsələyə daha geniş geosiyasi kontekstdən baxmaq lazımdır. İsrail düşünür ki, hazırda Suriyada hakimiyyətdə olan Bəşər Əl-Əsəd Ankaranın siyasi təsiri altındadır. Bəzi dairələr isə hesab edirlər ki, bölgədə Türkiyənin nəzarəti altında yeni bir türk modeli dövlət formalaşır. Bu isə İsrail tərəfindən ciddi təhlükə kimi qəbul olunur. Ona görə də İsrail çalışır ki, Əsəd rejimini beynəlxalq aləmdə terrorla əlaqələndirsin və onun devrilməsi üçün legitim zəmin yaratsın. Lakin ABŞ bu məsələdə daha ehtiyatlı və balanslı mövqe tutur. ABŞ-ın hazırda birbaşa yeni hərbi qarşıdurmaya getmək istəməməsinin əsas səbəbi onun artıq regional münaqişələrdən yorulması və çoxsaylı problemlərlə üz-üzə qalmasıdır. ABŞ bu gün həm Şərqi Avropada Rusiyanın irəliləyişini cilovlamağa çalışır, həm də Asiya-Sakit okean regionunda Çinlə artan rəqabətlə məşğuldur. Paralel olaraq, Afrikada da geosiyasi toqquşmalar dərinləşir. Bütün bu proseslər fonunda ABŞ çalışır ki, Yaxın Şərqdə sabit bir güc mərkəzi yaransın və bu güc mərkəzi onun maraqlarını qorumaqda davam etsin. Vaxtilə bu rol İsrailə verilmişdi. Lakin zaman göstərdi ki, İsrail nə İranı tam zəiflədə, nə də Türkiyəni öz təsiri altına ala bildi”.
Siyasi şərhçi əlavə edib ki, mövcud reallıqlar fonunda Türkiyə, ABŞ üçün bölgədə etibarlı və çevik strateji tərəfdaş kimi ön plana çıxır:
“Türkiyə həm demokratik idarəetmə təcrübəsinə, həm də regiondakı təsir imkanlarına görə ABŞ-ın gözündə daha münasib alternativ kimi görünür. Beləliklə, ABŞ bir tərəfdən İsrailin maraqlarını qorumağa çalışır, digər tərəfdən isə bölgənin idarəsini Türkiyə kimi daha sabit və güclü aktora ötürmək istəyir. Bu yanaşma Suriyanın gələcək siyasi quruluşuna da təsir edir. Əgər Suriyada Bəşər Əl-Əsədin devrilməsi gündəmə gələcəksə, bu ancaq ABŞ və ya Rusiyanın təşəbbüsü ilə baş verə bilər. Türkiyə artıq Suriyada ciddi şəkildə möhkəmlənib və geri çəkilmək fikrində deyil. Bəşər Əl-Əsəd isə hazırda həm Rusiya, həm də ABŞ-la paralel işləyərək balanslı siyasət aparmağa çalışır. Hər iki güc mərkəzinin maraqlarını nəzərə almaqla hakimiyyətini qorumağa çalışır. Bu səbəbdən yaxın gələcəkdə onun devrilməsi real görünmür. Digər tərəfdən, Suriyada tam mərkəzləşmiş, sabit bir dövlətin qurulması prosesi davam edir. İsrail isə bu prosesə qarşı çıxaraq regionda balansın öz maraqlarına uyğun şəkildə dəyişməsinə çalışır. Lakin bu siyasətin nə dərəcədə uğurlu olacağı hələ ki, məlum deyil”.
Siyasi şərhçi yekun olaraq qeyd edib ki, kürd məsələsi Suriyada illərdir xarici güclərin geosiyasi təsir vasitəsinə çevrilib:
“Vaxtilə SSRİ, sonra ABŞ, indi isə bəzi Qərb dairələri kürd faktorundan Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edir. Amma zamanla bu layihənin də iflasa uğrayacağı gözlənilir. ABŞ, İsrailin bölgədə daha radikal addımlar atmasına qarşı çıxacaq. Çünki bu, ümumi sabitlik və bölgənin nəzarətdə saxlanılması baxımından ziddiyyətli nəticələr doğura bilər. Bu da onu göstərir ki, bölgənin gələcəyi artıq təkcə hərbi güc deyil, həm də diplomatik çeviklik və regional əməkdaşlıq üzərində qurulur”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az