İsrail ordusunun Suriyanın paytaxtı Dəməşqdə yerləşən Müdafiə Nazirliyi və Prezident Sarayını raket atəşinə tutması regionda onsuz da gərgin olan vəziyyəti daha da dramatikləşdirib. Bu hadisə yalnız iki ölkə arasında deyil, bütün Yaxın Şərqdə yeni bir münaqişə ocağının yaranması ehtimalını gündəmə gətirib. İsrailin son hərbi addımı beynəlxalq ictimaiyyətin, xüsusilə də böyük güclərin diqqət mərkəzinə düşüb. Bir çox siyasi ekspertlər bu cür hücumların lokal müharibə ilə kifayətlənməyəcəyini, genişmiqyaslı regional və hətta qlobal qarşıdurmalara yol aça biləcəyini istisna etmir.
Hazırkı mərhələdə əsas sual budur: bu münaqişəyə digər dövlətlər də cəlb oluna bilərmi?
News24.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Vüqar Zifəroğlu bildirib ki, Suriya ilə İsrail arasında baş verəcək mümkün bir müharibə yalnız iki ölkə ilə məhdudlaşmaya bilər. Onun sözlərinə görə, bu cür qarşıdurma, xüsusilə Yaxın Şərq kimi geosiyasi baxımdan həssas bir bölgədə, tezliklə regional və hətta beynəlxalq münaqişəyə çevrilə bilər:
“Bu ilk növbədə İranın Suriyada yenidən aktivləşməsinə təkan verə bilər. Bu isə nə yeni hökumətin, nə də İsrailin maraqlarına uyğundur. Tel-Əviv bu məqamı nəzərə almalıdır. Unutmaq olmaz ki, İsrail üçün uzun illər əsas təhlükə məhz İranın Suriyadakı mövcudluğu olub. Bu mövcudluğa isə yeni iqtidar dönəmində son qoyulmuşdu”.