Layihəyə rəhbərlik edən Lamiyə İsazadə "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin sədri olaraq uzun illərdir valideyn himayəsindən məhrum uşaqlarla bağlı mühüm sosial təşəbbüslərin müəllifidir. Onun rəhbərliyi ilə bir sıra sosial layihələr uğurla icra olunmuş, minlərlə uşağın sosial müdafiəsi və psixoloji dəstəklə əhatə olunması təmin edilmişdir.
Layihənin psixoloji dəstək hissəsi "Serotonin" Neyro psixoloji Mərkəzinin əməkdaşı, təcrübəli və peşəkar psixoloq Alsu Süleymanova tərəfindən icra olunur. Psixoloq Alsu Süleymanova hər bir uşağın fərdi ehtiyaclarını nəzərə alaraq onların davranış modellərini təhlil edir, rəsmlər üzərindən emosional vəziyyətlərini qiymətləndirir və məqsədyönlü psixoloji müdaxilə üsullarını tətbiq edir.
Təsviri incəsənət üzrə dərslərə isə Gəncə Dövlət Universitetinin rəsm müəllimi, peşəkar müəllim Nəzrin Ağayeva rəhbərlik edir. Onun pedaqoji və yaradıcılıq təcrübəsi uşaqlarla aparılan dərslərdə müsbət nəticələr verməkdədir. Rəsm dərslərində uşaqlara həm texniki bacarıqlar aşılanır, həm də özlərini ifadə etmək üçün azad yaradıcılıq mühiti yaradılır.
Layihə çərçivəsində təşkil olunan yeddinci dərs "təsviri sənətlə uşaqların psixoloji vəziyyətinin təyini" mövzusuna həsr olunmuşdur. Bu dərsin əsas məqsədi uşaqların sərbəst şəkildə çəkdiyi rəsmlər vasitəsilə onların daxili aləmini, emosional vəziyyətini, qorxularını və duyğularını müəyyən etməkdən ibarət olmuşdur. Təcrübələr göstərir ki, təsviri sənət, xüsusən də rəsm, uşaqlar üçün bir növ qeyri-verbal ünsiyyət vasitəsidir. Bu yolla uşaqlar bəzən sözlə ifadə edə bilmədikləri hisslərini kağıza köçürə bilirlər. Onların çəkdiyi obrazlar, seçdiyi rənglər, kompozisiya quruluşu və digər vizual elementlər psixoloji diaqnostika üçün çox dəyərli məlumatlar təqdim edir. Mütəxəssislərin fikrincə, rəsm çəkmək uşaqların həm sağ, həm də sol beyin yarımkürələrinin koordinasiyalı işləməsinə kömək edir. Bu isə onların diqqət, yaddaş, yaradıcılıq, emosional tarazlıq və özünəinam kimi vacib psixoloji göstəricilərinin formalaşmasına və inkişafına müsbət təsir göstərir.
Yeddinci dərs nəticəsində əldə edilən vizual materiallar və psixoloji müşahidələr əsasında hər bir uşaq üçün fərdi yanaşma müəyyən edildi. Növbəti mərhələdə uşaqlarla fərdi psixoloji məşğələlər, qrup terapiyası və bədii fəaliyyətlər daha məqsədyönlü şəkildə davam etdiriləcək. Məqsəd, hər bir uşağın emosional yükünü azaltmaq, psixoloji sabitliyini möhkəmləndirmək və gələcək həyatına sağlam psixoloji baza ilə addımlamasını təmin etməkdir. Bu layihə bir daha sübut edir ki, dövlət və QHT sektorunun əməkdaşlığı çərçivəsində həyata keçirilən sosial təşəbbüslər, cəmiyyətin ən həssas təbəqələrinə, o cümlədən valideyn himayəsindən məhrum uşaqlara real dəstək göstərmək gücünə malikdir. "Sənət və duyğu harmoniyasının təbliği" layihəsi bu baxımdan həm pedaqoji, həm psixoloji, həm də mənəvi baxımdan mühüm ictimai əhəmiyyət daşıyır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31