AZ

Qəbir yerini 50 minə satan şəxsin işindəki ŞOK DETALLAR

Yazını böyüt
Yazını kiçilt

Yasamal bələdiyyəsi icra aparatı ərazi idarəetmə şöbəsinin müdiri olmuş Rizvan Mahmudov 4 nəfərlik qəbir yerini 50 min manata satmaq istəyən zaman saxlanılıb.

Hafta.az xəbər verir ki, 63 yaşlı sabiq şöbə müdiri bir nəfər üçün yerin 20 min manata olduğunu desə də, sonda 4 nəfərlik yer üçün 50 min manata razılaşıb. Həmin məbləğin 5 min manatını beh kimi alıb. Növbəti görüşdə 45 min manatı alan zaman Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

R.Mahmudov ifadəsində deyib ki, Anar adlı şəxsə 1 saylı Dağüstü Yasamal qəbiristanlığında 4 nəfər üçün qəbir yeri ayıracağına söz verib. Onun sözlərinə görə, yuxarı ərazilərdə yer olmadığı üçün "Qanlı göl" tərəfdə qurudulan ərazidə 4 nəfərlik yerin ayrılmasına razılıq verib.

Anar adlı şəxsi qəbiristanlıqda işləyən Elçinin vasitəsilə tanıdığını deyən R.Mahmudov bildirib ki, 5 min manatı aldıqdan sonra Anardan şübhələnib və pulu geri qaytarmaq istəyib. Lakin ikinci görüşdə Anarın 45 min manatı verəcəyinə əminliyi yarandığı üçün pulu geri qaytarmaq fikrindən daşınıb:

"Qəbir yerləri pulsuz verilirdi. Elçin mənə zəng edib bir nəfərin yer axtardığını dedi. Əvvəl Anara bir qəbir yerinin 20 min olduğunu dedim. Anar isə etiraz edərək 15 min manat olduğunu dedi. Söhbətdən sonra 4 yerə görə 50 min manata razılaşdıq. Anar qəbiristanlıqda beh kimi Elçinə 5 min verib. Elçin də mənə çatdırıb. Sonra pulu geri qaytarmaq istədim. Anar dedi ki, problem olmayacaq. Sonuncu dəfə qəbiristanlıqda görüşəndə Anar 45 mini verdi. Pulu götürüb iş yerinə qayıtdım. İş yerinin həyətində prokurorluq əməkdaşları məni saxladılar".

Suallara cavab verən R.Mahmudov deyib ki, qəbir yerlərinin ayrılması bələdiyyə sədrinin səlahiyyətində olub. Lakin onun satmaq istədiyi yerlərdən bələdiyyə sədrinin xəbəri olmayıb:

"Bu işdən nə bələdiyyə sədrinin, nə də başqa şəxsin xəbəri olub".

İstintaq zamanı təqsirləndirlən Mahmudovla qəbir yeri almaq istəyən Anar adlı şəxsin arasındakı yazışmalar və telefon danışıqları da sübut kimi qiymətləndirilib. Həmin danışıqlarda həqiqətən də 4 nəfərlik qəbir yerinin 50 min manata satılması, 5 min manatın ilkin ödəniş kimi verilməsi detalları yer alır.

Seçilən
26
6
hafta.az

5Mənbələr