Gündəlik həyatın bir çox sahəsində geniş istifadə edilən QR kodlar, kiber cinayətkarlar üçün yeni bir dələduzluq vasitəsinə çevrilib. Rəqəmsallaşmanın sürətlənməsi ilə birlikdə market məhsullarından restoran menyularına, sərgi girişlərindən hesab-faktura ödənişlərinə qədər müxtəlif məkanlarda istifadə edilən bu texnologiya, bəzi hallarda istifadəçilərin təhlükəsizliyini ciddi şəkildə təhdid edir.
Valuta.az xəbər verir ki, kiber təhlükəsizlik şirkəti “Kaspersky”nin mütəxəssisləri, QR kodların dələduzluq məqsədilə də istifadə edilə biləcəyinə diqqət çəkərək istifadəçiləri ehtiyatlı olmağa çağırır.
Kimlik oğurluğu və saxta saytlar: QR kodlar vasitəsilə istifadəçilər saxta bank və ya rəqəmsal platforma saytlarına yönləndirilə bilər. Bu saytlar, istifadəçilərin şəxsi və maliyyə məlumatlarını ələ keçirmək üçün hazırlanır.
Zərərli proqram riski: Bəzi QR kodlar, zərərli proqramların və ya faylların mobil cihazlara yüklənməsinə səbəb ola bilər. Cihazın təhlükəsizlik ayarları zəifdirsə, bu risk daha da artır.
Ödəniş fırıldaqları: Endirim və kampaniya adı altında paylaşılan saxta QR kodlar istifadəçiləri dələduzların hesablarına pul köçürməyə yönəldə bilər.
Təhlükəli bağlantılar: QR kod vasitəsilə cihaz avtomatik olaraq kiber cinayətkarların nəzarətində olan Wi-Fi şəbəkələrinə qoşula bilər. Bu da şəxsi məlumatların ötürülməsi zamanı təhlükəsizlik riskini artırır.
Nələrə diqqət etməli?
Mütəxəssislər xüsusilə ictimai yerlərdə yerləşdirilmiş və ya üzərində dəyişiklik edilmiş ola biləcək QR kodlardan uzaq durmağı tövsiyə edir. QR kodun yönləndirdiyi internet ünvanı diqqətlə yoxlanmalı, mənbəyi bilinməyən kodlar vasitəsilə heç bir şəxsi və ya maliyyə məlumatı paylaşılmamalıdır.
Nəticə olaraq, rəqəmsal təhlükəsizliyi təmin etmək üçün istifadəçilərin diqqətli davranması və əsas internet təhlükəsizlik qaydalarına əməl etməsi vacibdir.
Paşa Məmmədli