AZ

Türkiyə-İsrail gərginliyi: Suriya uğrunda yeni müharibə başlayacaqmı?

"Hazırda Suriya məkanında olduqca qəliz bir situasiya yaranıb. İsrail Suriyada ərazi bütövlüyü şərtləri daxilində unitar, güclü dövlətin olmasında maraqlı deyil. Ona görə də mümkün qədər Suriyada yenidən xaos dönəminin başladılmasına cəhd göstərir. Rəsmi Təl-Əvivdən verilən bəzi açıqlamalarda açıq şəkildə bildirilir ki, İsrail Suriyada dörd nəzarət bölgəsinin olmasında maraqlıdır. Yəni, Suriyanın parçalanmış xırda dövlətlərə çevrilməsinə yönəlik planın reallaşdırılmasında maraqlıdır. Təbii ki, belə bir ssenari Türkiyəyə qətiyyən sərfəli deyil. Ona görə də böyük ehtimalla rəsmi Ankara Suriyada və Suriyanın ətrafında baş verən proseslərə ciddi şəkildə müdaxilə etməli olacaq".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. 

O bildirib ki, hələlik Türkiyə hərbi ssenarilərə üstünlük vermir: "Məsələlərin siyasi, diplomatik yolla həllinə daha çox yaxındır. Məsələ ondadır ki, İsrail Amerika Birləşmiş Ştatlarının siyasi iradəsi ilə hesablaşmaq məcburiyyətində olan bir dövlətdir. Eyni zamanda, Türkiyədə Amerika Birləşmiş Ştatlarının ən yaxın müttəfiqidir. Hazırda Ərdoğan və Tramp arasında çox isti bir dialoq mühiti mövcuddur. Türkiyə və Amerika Birləşmiş Ştatlarının münasibətləri ciddi şəkildə istiləşməyə başlayıb. Bu baxımdan böyük ehtimalla rəsmi Ankara Ağ Evə təzyiqə cəhd göstərəcək ki, ABŞ İsraili Suriyada aqressiv davranışlardan çəkindirsin.  Yəni, ilk mərhələdə böyük ehtimalla bu məsələ ön planda ola bilər. Artıq bunun ilkin əlamətləri də mövcuddur. Ağ Evdən verilən açıqlamalarda Suriya və İsrail arasındakı hərbi gərginliyin, silahlı qarşıdurmanın həll ediləcəyi bildirilir. bu istiqamətdə müəyyən addımlar atılır".

E.Xalidbəylinin  sözlərinə görə,  bu ssenari baş verməzsə, o zaman Türkiyənin hansısa mərhələdə hərbi müdaxilə məcburiyyəti ortaya çıxa bilər: " Bu da Amerika Birləşmiş Ştatları üçün qətiyyən sərfəli deyil. Çünki Türkiyə ABŞ-ın NATO üzrə hərbi müttəfiqdir. ABŞ İsraillə ən yaxın müttəfiq olsa belə, NATO üzrə müttəfiq olan Türkiyənin də mövqeyini nəzərə almaq məcburiyyətindədir.

Xüsusilə də əgər Türkiyə hərbi münaqişəyə cəlb olunarsa, o zaman bu məsələyə NATO-nun da müdaxiləsi qaçılmaz olacaq. Çünki həm Amerika Birləşmiş Ştatlarının, həm də NATO üzvü olan bütün dövlətlərin NATO-nun Nizamnaməsinin beşinci bəndinə görə, bir-biri qarşısında hərbi öhdəlikləri mövcuddur. Həmin öhdəliklərə görə, üzv dövlətlərdən birinin savaşa qatılmaq məcburiyyəti NATO üzvləri üçün də ciddiyə alınacaq bir məsələdir və bütün bunları nəzərə aldıqda Suriya ətrafında baş verən hadisələrin daha qəliz məzmun daşıması qlobal məkanda ciddi hərbi, siyasi təlatümlər, kataklizmlər törədə bilər. Ona görə də böyük ehtimalla Türkiyənin hərbi müdaxiləsinə ehtiyac qalmadan Amerika Birləşmiş Ştatlarının İsrailə təzyiqləri ilə bu məsələ siyasi, diplomatik yolla həll oluna bilər".

Tehran,

Sitat.info 

Seçilən
36
31
sitat.info

10Mənbələr