Xəbər verdiyimiz kimi, ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 6-da keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Belə ki, bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Baxşəliyeva Aytac Ənvər qızı göstərib.
Modern.az xəbər verir ki, AzEdu.az Aytacla əlaqə saxlayıb, təəssüratlarını öyrənib.
17 yaşlı Aytac buraxılış imtahanından 294.8, qəbulun I cəhddində isə 385.3 bal topladığını qeyd edib:
"İll növbədə məni dəstəkləyən, valideynlərimə və müəllimlərə təşəkkür edirəm. Onlara hər zaman borcluyam. Yüksək nəticə toplayacağımı gözləyirdim. Hətta hədəfim 400 bal toplamaq idi. Lakin ədəbiyyat fənnindən 1 səhvə görə bu alınmadı. Məqsədim ADA universitetində hüquqşünaslıq ixtisası (tədris ingilis dili) üzrə təhsil almaqdır.
Azərbaycanda hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilimi başa vurduqdan sonra hüquq sahəsində bilik və bacarıqlarımı daha da inkişaf etdirmək məqsədilə magistratura təhsilimi Avropa ölkələrindən birində davam etdirməyi planlaşdırıram. İmtahana hazırlaşmaq üçün 1 il repetitor yanına getmişəm.
Hüquqşunas olmaq uşaqlıqdan arzumdur.Ailədə 2 övladıq. Qardaşım hazırda Bakı Mühəndislik Universitetinin (BMU) II kursunu bitirib.
Düşünürəm ki, daha çox oxumaqdansa, keyfiyyətli oxumaq lazımdır. Məsələn, məktəb vaxtı həmin gün hansı dərsim olurdusa o dərsə fokuslanırdım. Lakin bununla bərabər istirahətimə də fikir verirdim. Yüksək bal toplamaq, hədəfə çatmaq ilk növbədə özünə inamdan başlayır. Həmçinin diqqətli olmaq da lazımdır".