17 iyulda İtaliyada paraplan (yamac paraşütü) ilə uçarkən baş vermiş bədbəxt hadisə nəticəsində 56 yaşlı avstriyalı skaydayver Feliks Baumqartner həlak olub. Bu barədə “ANSA” məlumat yayıb.
Feliks Baumqartner Adriatik sahilindəki Porto Sant'Elpidio kommunasında qəzaya uğrayıb. Yanğınsöndürənlərin sözlərinə görə, o, qəfil xəstəlik səbəbindən motorlu paraplanın idarəetməsini itirib, bundan sonra otelin ərazisindəki hovuzun kənarına yıxılıb.
Yıxılma nəticəsində paraplandan bir parça qoparaq kənara düşüb, nəticədə oteldə animator işləyən qız xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.
Baumqartner 2012-ci ildə stratosferdən 38 969 metr hündürlükdən tullanaraq dünya şöhrəti qazanıb. Sonra o, dörd rekord qırdı - ən yüksək paraşütlə tullanma, ən böyük sərbəst düşmə məsafəsi, ən yüksək insanlı stratosfer hava şarının uçuşu və səs sürətini keçən və saatda 1357,6 kilometr olan ən sürətli sərbəst düşmə. Sərbəst düşüş zamanı skaydayver 4 dəqiqə 20 saniyə ərzində 36 kilometr yol qət etdi.
Sərbəst düşmə müddəti üzrə rekord 1960-cı ildə Amerika hərbçisi Cozef Kittinger tərəfindən qoyulmuşdu - 4 dəqiqə 36 saniyə. Sərbəst düşmə hündürlüyü və məsafəsi üzrə rekordu 2014-cü ildə Google top meneceri Alan Yustas qırıb, o, ilkin hündürlük və sərbəst düşmə məsafəsi üzrə hazırkı dünya rekordunu - 41 422 metr təyin edib.
Almaz Həsənli