AZ

Son 6 ay üzrə tibbi statistik göstəricilər açıqlanıb

Bakı, 18 iyul, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) cari il yanvar-iyun ayları ərzində icbari tibbi sığorta çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəriciləri təqdim edib.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 2025-ci ilin 6 ayı ərzində icbari tibbi sığorta çərçivəsində 3,6 milyondan çox şəxs tibb müəssisələrinə 12,3 milyon dəfə müraciət edib. Bu o deməkdir ki, ölkə əhalisinin 38 faizi icbari tibbi sığortadan yararlanıb. Göstərilən xidmət sayı isə 44,2 milyon olub. Tibbi xidmətlərin 87 faizi ambulator, 13 faizi stasionar şəraitdə göstərilib.

Ən çox xidmət göstərən tibb müəssisələrinin ilk beşliyinində Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Sabunçu Tibb Mərkəzi və Respublika Klinik Xəstəxanası yerləşir.

Ən çox müraciət edilən xəstəliklər sırasında isə ilk yerdə ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sidik-cinsiyyət sisteminin xəstəlikləri gəlir.

Bu ilin 6 ayı ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində ümumilikdə 18 milyon 523 mindən çox laborator tibbi xidmət göstərilib. Laborator tibbi xidmətlərin 85 faizini ambulator, 15 faizini isə stasionar tibbi xidmətlər təşkil edib. Ən çox müraciət edilən laborator analizlərə qanın ümumi analizi, sidik analizi, qanda qlükozanın miqdarının müəyyən edilməsi, kreatinin testi, eləcə də, protrombin zamanı (PT) kimi müayinələr daxildir.

TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara İTSDA-nın müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. Cari ilin ilk yarımilliyində vətəndaşlara 154 min 987 göndəriş verilib. Bu ilin yanvar-aprel ayları ərzində göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 64 min 983 əməliyyat və prosedurdan yararlanıb.

Bu xidmətlərdən 1192-i uşaqlara, 63 min 791-i isə böyüklərə göstərilib.

Sözügedən əməliyyat və prosedurlardan 29 min 1-ni invaziv radiologiya, 18 min 289-nu oftalmoloji, 7 min 675-ni ürək-damar cərrahiyyəsi üzrə xidmətlər təşkil edib.

Məlumat üçün bildirək ki, cari ilin 6 ayı ərzində xidmətlər zərfi çərçivəsində 80 orqan transplantasiyası əməliyyatı icra olunub. Bunlardan 56 faizini böyrək, 38 faizini qaraciyər, 6 faizini isə sümük iliyi transplantasiyası əhatə edir.

Vətəndaşlara verilən göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı cari ilin yanvar-iyun ayları üzrə davam edir.

Seçilən
40
12
azertag.az

10Mənbələr