AZ

"Qarabağ"ın evində xoş anlar, sürpriz hadisə - FOTOLAR

Milli Mətbuatın 150 illiyi ilə bağlı ölkəmizdə baş tutan silsilə tədbirlər davam edir.

Bu dəfə səhnəyə "Qarabağ" komandası çıxıb.

Çempionlar Liqasında mübarizəyə hazırlaşan, sıx qrafikdə çalışan Ağdam təmsilçisi buna rəğmən medianın yubileyini də unutmayıb.

Klub "Milli Mətbuat 150" adlı futbol turnirində idman jurnalistlərini bir araya gətirib.

İki günü əhatə edəcək yarışın ilk günü arxada qalıb.

17 iyulda start götürən tədbirə 6 komanda qoşulub.

İştirakçıların rahatlığı üçün "köhlən atlar"ın uzun müddətdir xidmətindən istifadə etdiyi Tofiq Bəhramov adına Respublika stadionunun yardımçı meydançasında hər bir şərait yaradılıb.

Oyunçuların sağlamlığının qeydinə qalmaq məqsədilə "Liv Bona Dea"nın həkim briqadası stadiona dəvət edilib.

Meydanda eyni anda 3 oyunun keçirilməsi üçün bütün şərait qurulub.

Oyunların fasiləsində iştirakçıların bərpası nəzərə alınaraq kənarda çay stendi qurulub.

Açılış isə məşhur aparıcı Sənan Şəfizadə elan edib.

Ardınca şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Davamında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Çıxış edən "Qarabağ"ın Baş direktoru Emreh Çelikel medianı xoş gün mübasibətilə təbrik edib, bütün komandalara meydandakı mübarizəsində uğurlar arzulayıb.

Klub rəsmisinin çıxışından sonra ailə fotosu çəkilib və ardınca meydan idman jurnalistlərinə verilib.

İlk oyun günündə qrup matçları keçirilib.

Bəndənizin də yer aldığı "İnternasional" komandası hər iki matçda da inamlı qələbə qazanaraq (6:1, 4:0) finala vəsiqə qazanan ilk komanda olub.

Turnirin iddialı komandası olan "CanSports" yarışa "J United" önündə sürpriz məğlubiyyətlə başlayıb - 3:4.

"J United" gərgin keçən digər görüşdə "Futbol+" komandasına qalib gələrək (4:2) ikinci finalçı adına yiyələnib.

Digər oyunlarda qeydə alınan nəticələr isə aşağıdakı kimi olub:

"CanSports" - "J United" - 3:4
"İnternasional" - "Qalaksi" - 6:1

"Futbol+Komanda" - "CanSports" - 1:11
"Media Star" - "İnternasional" - 0:4

"J United" - "Futbol+Komanda" 4:2
"Qalaksi" - "Media Star" 0-4

Turnirə bu gün 20:00-da keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Ardınca qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.

XANOĞLAN İMANOV

Seçilən
8
sportinfo.az

1Mənbələr