Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, idarə və müəssisələrin inzibati binalarında müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Kəngərli kəndinə 43 ailə - 176 nəfər köçürülüb. Bakının Qaradağ rayonundan doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, ürəklərindən süzülüb gələn xoş sözlərlə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Böyük sevinc və fərəh içində doğma ocaqlarına qayıdan keçmiş köçkünlər İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun sıralarında qəhrəmancasına vuruşan zabit və əsgərlərimizə dərin minnətdarlıqlarını ifadə ediblər. Vətənin azadlığı naminə canlarından keçən şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyiblər.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti işlərini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 43 mindən çox insan yaşayır. Zaman keçdikcə doğma ocaqlarına dönəcək keçmiş köçkünlərin sayı daha da artacaq. Günlər keçdikcə bölgələrə əvvəlki həyat qayıdacaq, torpağın da, insanların da üzü güləcək.
Kəngərli kəndinə, ata-baba yurduna qayıdan keçmiş məcburi köçkünlərin üz-gözündən sevinc süzülür. Bu da təbiidir, çünki başqa məcburi köçkünlər kimi kəngərlilər də uzun illər idi ki, doğma ocaqlarının həsrətilə yaşayırdılar. Artıq nisgilə son qoyulmuşdur. İkinci Qarabağ müharibəsində qazanılmış Zəfər Qarabağa və başqa bölgələrə gedən yolları geniş açmışdı.
Kənd sakini Vüsalə Abbasova doğma ocaqlarına qayıtmağının sevincini xoş sözlərlə ifadə edərək deyir ki, bu gün ata-baba yurduna qürur hissi ilə qayıdır: “Başda Prezident İlham Əliyev olmaqla Azərbaycan Ordusuna, onun qəhrəman zabit və əsgərlərinə minnətdarlığımı bildirirəm. Çox sevinirəm ki, torpaqlarımız bu gün azaddır, ona düşmən ayağı dəymir. Doğma kəndimizə, el-obamıza qayıtdığımıza görə çox sevinirik, gözəl hisslər keçiririk. İnanırıq ki, bundan sonra rahat, sülh və əmin-amanlıq şəraitində yaşayacağıq”.
Ağdam şəhərinin mərkəzindən 6 kilometr uzaqda yerləşən Kəngərli kəndinin təməlini Prezident İlham Əliyev 2022-ci il oktyabrın 4-də qoymuşdur. Bu yaşayış məntəqəsi 2544 nəfər üçün planlaşdırılıb.
Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə burada iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Böyük əminliklə demək olar ki, uzun illərin ayrılığından sonra böyük sevinc içində doğma ocaqlarına qayıdan keçmiş köçkünlər ata-baba yurdlarında rahat və əmin-amanlıq içində yaşayacaqlar.
Vahid MƏHƏRRƏMOV,
“Azərbaycan”