Naxçıvan Muxtar Respublikasında ötən əsrin 50-ci illərinin sonlarından istismarda olan hava-elektrik verilişi xətlərinin "AzərEnerji" ASC tərəfindən sökülərək yenidən qurulmasına başlanılıb.
İlkin mərhələdə 110 kilovoltluq "Culfa", "Ordubad-1" və "Ordubad-2" hava-elektrik verilişi xətləri ikidövrəli olmaqla, ümumilikdə 68 km məsafədə yenidən çəkilir.
"AzərEnerji" ASC-dən verilən məlumata görə, Naxçıvan ötürücü şəbəkəsində istismar müddətini çoxdan keçən xətlərdə həyata keçirilən işlər nəticəsində enerjinin ötürülmə qabiliyyətini yüksəltməklə yanaşı, enerji təchizatında baş verə biləcək nasazlıqların, qəzaların qarşısı alınacaq, dayanıqlılığı və etibarlılığı artırılacaq.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli "Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" 235 nömrəli Fərmanının icrası olaraq, "AzərEnerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası enerji sisteminin elektrik enerjisi generasiya və ötürücü infrastrukturlarının idarəedilməsi üçün cəmiyyətin tərkibində "Naxçıvan Enerji" MMC təsis edilib, həmçinin "Naxçıvan Muxtar Respublikasının Elektroenergetika Strategiyası" hazırlanıb.
Strategiyada "2025-2027-ci illər üzrə Reabilitasiya və Yenidənqurma Tədbirləri" və "Strateji Baxış İstiqamətləri" müəyyən olunub.
Bu işlər çərçivəsində 110 kilovoltluq "Culfa", "Ordubad-1" və "Ordubad-2" ötürmə xətlərinin yenidən çəkilməsi ilə yanaşı 154/110/10 kV-luq "Babək", 110/35/10 kV-luq "Çeşməbasar" və 110/35/10 kV-luq "Naxçıvan" yarımstansiyaları müasir tələblərə uyğun olaraq tam şəkildə yenidən qurulacaq. Həmçinin, Naxçıvan Regional Rəqəmsal İdarəetmə və SCADA mərkəzi, eləcə də yardımçı texniki infrastrukturlar da yaradılacaq.
Bəhmən MİRZƏYEV,
"Azərbaycan"