AZ

Musiqi onun ruhuna genlə keçmiş, qanla hopmuşdu

O, bənzərsiz musiqi yaradıcısı, əsl bəstəkar idi. Musiqi onun ruhuna genlə keçmiş, qanla hopmuşdu. Əslində bu belə də olmalı idi. Müdriklərin belə bir deyimi var: "İnsanı formalaşdıran onu əhatə edən mühitdir". 

O, gözünü açandan musiqi səsi eşitmiş, muğam dinləmişdi. Ağlı söz kəsəndən Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Seyid Şuşinski, Xan Şuşinski, Bəhram Mansurov kimi təkrarsız sənətkarların milli musiqimizin inciləri, xalq musiqisinin müxtəlif janrları haqqında söhbətlərini eşitmişdi. Söhbət Azərbaycan bəstəkarlıq məktəbinin istedadlı nümayəndəsi Vasif Adıgözəlovdan gedir. 

1935-ci il iyulun 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olan gələcək bəstəkar ilk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi Məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsil alan V.Adıgözəlov 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib. O, hələ tələbə ikən uğurlu bir bəstəkar kimi özünü musiqi ictimaiyyətinə tanıtdıra bilmişdi. Bəstəkarın  tələbəlik illərində yaratdığı simfonik orkestr üçün "Qəhrəmanlıq poema"sı ikinci respublika gənclər festivalında birinci dərəcəli diploma layiq görülüb. Həmin illər yaratdığı əsərləri P.Çaykovski adına Moskva Konservatoriyasında Azərbaycan İncəsənətinin nailiyyətlərinə həsr olunmuş konsertlərdə səslənib.

Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlayan sənətkar sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş musiqi redaktoru, A.Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru və digər vəzifələrdə çalışmışdır. Vasif Adıgözəlov 1972-ci ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik də edib. 1989-cu ildən professor olan maestro Musiqi Akademiyasında xor dirijorluğu kafedrasına rəhbərlik edib. Musiqi içitimaiyyəti arasında böyük nüfuz qazanıb, 1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi seçilib.

Onun geniş və rəngarəng musiqi janrlarında yazdığı yüksəksəviyyəli sənət əsərləri nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox yerlərində, o cümlədən Almaniya, Bolqarıstan, Çexiya, Meksika, Kosta-Riko, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ respublikalarının musiqi ictimaiyyətinə yaxşı tanışdır. Bəstəkar 2 operanın - "Ölülər" və "Natəvan", 6 musiqili komediyanın, eləcə də "Nənəmin şahlıq quşu", bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı "Hacı Qara", "Boşanaq - evlənərik", "Aldın payını, çağır dayını", həmçinin "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" oratoriyalarının, 3 simfoniyanın, "Segah" muğam-simfoniyasının, "Mərhələlər", "Afrika mübarizə edir" simfonik poemalarının, 5 instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərlərin, 100-ə qədər mahnı və romansın, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqinin müəllifidir.

Vasif Adıgözəlovun yaradıcılığında monumental vokal-simfonik əsərlər  üstünlük təşkil edir. Onun müxtəlif illərdə bəstələdiyi "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915" oratoriyaları xalqın tarixini, azadlıq və müstəqillik uğrunda mübarizəsini və qələbəsini tərənnüm edən yüksək vətənpərvərlik ruhunda yazılmış sənət əsərləridir. 

Vasif Adıgözəlov təpədən-dırnağacan milli bəstəkar idi. Keçən əsrin 90-cı illərində Ermənistanın Qarabağda separatçılıq hərəkatına başladığı zaman bu böyük sənət adamı yaratdığı musiqi ilə vətən sevgisinin nümunəsini sərgilədi. O çətin illərdə Azərbaycan xalqı Vasif Adıgözəlovu həm də vətənini canından çox sevən bir ziyalı kimi tanıdı. Onun silahı musiqisi, yaratdığı əsərlər Vətəni üçün döyünən ürəyi idi. Bəstəkarın "Odlar yurdu" və T.Elçinin sözlərinə yazılmış "Qarabağ şikəstəsi" oratoriyaları həyatımızın mürəkkəb mənəvi proseslərini, o günlərin acı həqiqətlərini əks etdirən musiqi nümunəsi olmaqla yanaşı, mübarizəyə və birliyə çağırış idi. Qələbəyə inamı və qətiyyəti ifadə edən oratoriyanın finalı xalqa xitab edilmiş bir himn kimi səslənir. Qeyd edək ki, "Qarabağ şikəstəsi" oratoriyası yüksək professional və bədii səviyyədə yazılmış möhtəşəm, monumental əsərdir.

O, iri monumental əsərlərlə yanaşı, dillər əzbəri olan mahnıları ilə də insanların qəlbinə yol aça bilib. Vasif Adıgözəlovun bəstələdiyi "Qərənfil", "Bakı", "Xoşum gəlir", "Naz-naz", "Şuşa laylası", "Ana" kimi mahnıları bu gün də sevilən sənət əsərləridir. 

Bəstəkarın müxtəlif janrları əhatə edən yaradıcılığının çox hissəsini fortepiano üçün musiqi təşkil edir. Yaradıcılığının ilk illərindən fortepiano üçün prelüdlərdən tutmuş ən irihəcmli instrumental əsər - piano və orkestr üçün üç "Konsert"in, skripka və orkestr üçün, violonçel və orkestr üçün konsertin müəllifidir.

Vasif Adıgözəlovun yaratdığı ölməz sənət inciləri Azərbaycan musiqisinin ən dəyərli nümunələrindən biri kimi əsrlər boyu yaşayacaq, müəllifini unudulmağa qoymayacaq. Bax əsl sənətkarın da gücü və istedadı ondadır ki, onun yaratdıqları daim yaşayır.

Elşən QƏNİYEV,

"Azərbaycan"

Seçilən
30
azerbaijan-news.az

1Mənbələr