Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Paşa Pənahzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 19 may 2025-ci il tarixində, saat 15 radələrində Abşeron rayon ərazisində qeydə alınıb.
Belə ki, Paşa Pənahzadə sərxoş vəziyyətdə evə gələrkən bacısı, zərərçəkmiş Ləman Pənahzadə (adı, soyadı şərtidir) ona növbəti dəfə alkoqollu içki qəbul etməsinə görə irad bildirib. Həmin vaxtı qardaş və bacı arasında ailə məişət zəminində narazılıq üstündə mübahisə yaranıb. Bu zaman Paşa masanın üzərindəki boş şüşə stəkanı götürərək zərərçəkmiş şəxsin baş nahiyəsinə qəsdən vuraraq, onun sağlamlığına qəsdən yüngül zərər yetirib.
Hadisədə sonra Paşa Pənahzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmədə Ləman Pənahzadə ifadəsində qardaşı ona dəymiş ziyanı tam ödədiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirib.
Kamal Məmmədov