AZ

"Yeni Kaledoniya məsələsinin beynəlmiləlləşdirilməsində Azərbaycanın rolu danılmazdır"

"Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür. Bu isə həm də regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir".

Milli Məclisin deputatı Pərvin Kərimzadə qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra nəinki regionda, bütövlükdə beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib: "Azərbaycan tam müstəqil siyasət həyata keçirir, heç bir mərkəzdən asılı deyil, öz geosiyasi iradəsi əsasında strateji kursunu uğurla davam etdirir. Buna görə də ölkəmizə rəğbət daim artır, yüksək hörmət və etimad göstərilir. Bütün bunların nəticəsidir ki, Azərbaycanın müstəmləkəçilikdən əziyyət çəkən xalqlara siyasi və mənəvi dəstək göstərməsi öz nəticəsini verməkdədir. Məlumdur ki, özünü demokratiyanın beşiyi kimi təqdim etməyə çalışan Fransa əslində tarixən müxtəlif xalqlara qarşı müstəmləkəçilik siyasəti həyata keçirib. Bu müstəmləkəçilik siyasətindən müxtəlif xalqlar hələ də əziyyət çəkirlər. Fransa bir sıra xalqları hələ də öz müstəmləkəsi altında saxlayır. Təəssüf ki, beynəlxalq ictimaiyyət rəsmi Parisin bu siyasətinə qarşı adekvat reaksiya vermir. Lakin Azərbaycan bu məsələdə prinsipial mövqe nümayiş etdirir və Fransanın müxtəlif xalqlara qarşı repressiv siyasətinə etiraz səsini ucaldır. Eyni zamanda müstəmləkəçiliyə qarşı aparılan  mübarizəyə siyasi və mənəvi dəstək verilir. Bakı Təşəbbüs Qrupunun yaradılması da bu məqsədə xidmət edir. Bakı Təşəbbüs Qrupu Fransanın bu siyasətinə qarşı müxtəlif yerli və beynəlxalq səviyyəli tədbirlər keçirir. Həmin tədbirlərdə fransız müstəmləkəçiliyindən əziyyət çəkən xalqların nümayəndələri də fəal iştirak edirlər".

Deputatın sözlərinə görə, bir neçə gün öncə Yeni Kaledoniya ilə bağlı tarixi razılaşmanın imzalanmasında Azərbaycanın bu ərazidə yaşayan yerli xalqa dəstəyinin  xüsusi rolu var. İmzalanmış razılaşmaya əsasən, Fransa daxilində xüsusi statusa malik Yeni Kaledoniya dövlətinin yaradılması nəzərdə tutulur. Bu status kaledoniyalılara ikili vətəndaşlıq - Fransa və Kaledoniya vətəndaşı olmaq imkanı verir və onların kimliyini tanımaqla yanaşı, Fransa ilə əlaqəni də saxlayır. Sənədə görə, digər ölkələr də Yeni Kaledoniya dövlətini tanıya biləcək. Bu hadisənin müsbət məqamlarından biri Fransa Prezidenti E.Makronun ilk dəfə Yeni Kaledoniya ilə bağlı danışıqlarda şəxsən iştirak etməsi oldu. Nəzərə alaq ki, Yeni Kaledoniya məsələsinin beynəlmiləlləşdirilməsi bu məsələdə ciddi rol oynayıb. Azərbaycanın burada rolu və töhfəsi hər kəs tərəfindən qəbul edilir. Bundan əlavə, Yeni Kaledoniyanın yeni "unikal status"u digər ərazilər, məsələn, uzun müddətdir ki, öz statusunu dəyişməyə cəhd edən Korsika üçün presedent ola bilər", - deyə Pərvin Kərimzadə bildirib.

Deputat onu da vurğulayıb ki, bu fakt müstəqil Azərbaycanın gücü kimi səciyyələndirilir. Ölkəmiz müxtəlif beynəlxalq platformalar çərçivəsində mühüm təşəbbüslər irəli sürür ki, onlar da beynəlxalq birlik tərəfindən dəstəklənir. Bütün bu uğurlara isə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən praqmatik siyasət nəticəsində nail olunur.

Ə.QABİLQIZI,

"Azərbaycan"

Seçilən
23
azerbaijan-news.az

1Mənbələr