
“Bu ifadə əslində təkcə Türkiyənin daxili siyasətinə deyil, bütövlükdə regionun təhlükəsizlik arxitekturasına verilmiş strateji bir mesajdır. PKK-nın zəifləməsi regionda terrorçuluğa siyasi vasitə kimi baxan dairələr üçün ciddi zərbədir. Silahlı mübarizəni siyasi dialoqla əvəzləmək isə uzunmüddətli sabitliyin açarıdır. Türkiyə üçün bu uğur yalnız milli təhlükəsizlik məsələsi deyil, həm də geosiyasi manevr imkanlarının genişlənməsi deməkdir”. Tural İsmayılov hesab edir ki, Suriya və İraqdakı türk hərbi varlığı artıq daha az daxili təhdidlə müşayiət olunacaq: “Bu, Ankara üçün həm də sərhədyanı bufer zonaların daha rahat idarəsi anlamına gəlir. PKK-nın zəifləməsi İranın kürd kartı üzərindən regionda oynadığı balanslaşdırıcı siyasətin çöküşünü sürətləndirə bilər. Bu isə Cənubi Qafqazda Türkiyə-Azərbaycan tandemi üçün yeni imkan pəncərələri açır. Zəngəzur dəhlizi, Naxçıvan xətti və Türk Dövlətləri Təşkilatının güclənməsi bu kontekstdə daha real görünür.”. Tural İsmayılovun təhlilinə görə, Avropa və ABŞ-nin regionda terrora qarşı mövqeləri də müəyyən reviziyaya məruz qalacaq: “Türkiyə anti-terror qələbəsi ilə NATO daxilində nüfuzunu da artırır. Təbii ki, bu prosesdə diplomatik yumşaqlıqla bərabər, kəşfiyyat və ordu gücü də kritik rol oynayıb. İlham Əliyevin məktubu bu baxımdan qardaşlıqla yanaşı, regional balanslara verilmiş siyasi dəstək siqnalıdır. Türkiyənin sabitləşdirici aktor kimi çıxış etməsi Cənubi Qafqazdakı geosiyasi qovşaqlarda söz sahibi olmasını daha da artıracaq. Artıq Yaxın Şərqdən Cənubi Qafqaza uzanan təhlükəsizlik xəritəsində Ankara-Azərbaycan oxu daha aydın görünür. PKK-nın sıradan çıxarılması təkcə terrora deyil, həm də bölgəni xaosla dizayn etmək istəyən güclərə zərbədir. Bu mənada İlham Əliyevin məktubu həm dostun sevincinə şərik olmaq, həm də düşmənə siyasi xəbərdarlıq kimi oxunmalıdır. Regionda yeni təhlükəsizlik düzəni qurulursa, bu düzənin içində Türkiyə və Azərbaycan tandeminin imzası artıq görünür”.
Gülbəniz Hüseynli / Metbuat.az