AZ

Baş məşqçi: Üzgüçülərimiz Universiadanın birinci günündə şəxsi nəticələrini yeniləyiblər VİDEO

Berlin, 17 iyul, AZƏRTAC

Bu gün üzgüçülərimiz də 32-ci Ümumdünya Yay Universiadasında mübarizəyə başlayıblar. Dünyanın əksər ölkələrindən tələbələrin mübarizə apardıqları yarışlar uğurla davam edir. Təbii ki, Universiada çox çətin yarışdır. Çünki burada bütün qitələrdə yer alan ölkələrdə yaşayan və təhsil alan idmançılar iştirak edirlər. Bu yarışda iştirak etmək üçün böyük arzudur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Üzgüçülük Federasiyasının baş məşqçisi Rəşad Əbdürrəhmanov deyib.

Azərbaycan idmançılarının yarışlara uğurla başladıqlarını qeyd edən baş məşqçi bildirib: “Universiadanın üzgüçülük yarışlarında Azərbaycanı altı - bir qız və beş oğlan idmançı təmsil edir. Qızlardan Fatimə Alkərəmova, oğlanlardan isə Abdurrəhman Rüstəmov, Ramil Vəlizadə, Rəşad Alquliyev, Nihad Yusibov və Səid Həmidov yarışlarda mübarizə aparır. Yarışların birinci gününün nəticələri qənaətbəxşdir. İdmançılarımız şəxsi nəticələrini yeniləyiblər. Komanda yarışında yeni nəticə əldə etdik və o, çox yaxşıdır. Güman edirəm ki, gənclərimiz qarşıda bizi gözləyən İslam Həmrəyliyi Oyunlarında və digər beynəlxalq yarışlarında öz nəticələrini daha da yaxşılaşdıracaqlar”.

Belə mötəbər beynəlxalq turnirlərin idmançılarımızın peşəkarlıq səviyyəsinin və təcrübələrinin artırılması baxımından əhəmiyyətini xüsusi vurğulayan R.Əbdürrəhmanov bildirib: “Belə yarışlarda hər bir idmançı özünün potensial rəqibini görür. Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, gələcək yarışlarda ən azından yarımfinal və final mərhələlərinə çata bilək və medallar uğrunda mübarizə aparaq”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

phrase_var_article.chosen
72
1
azertag.az

2phrase_var_article.sources