AZ

Minimum istehlak səbətimiz DƏYİŞİR

Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib. Sənədə əsasən, minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən edilir.

Bundan başqa, dövlət başçısı “Yaşayış minimumu haqqında” qanunla bağlı fərman imzalayıb. Fərmana əsasən, qanunda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlət başçısı həyata keçirir, səlahiyyətli orqanlar dedikdə isə Nazirlər Kabineti və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Nazirlər Kabineti “Yaşayış minimumu haqqında” qanunun 3.3-cü maddəsinə uyğun olaraq, tibb  müəssisələrdə şəxslərin qida normalarını üç ay müddətində müəyyən edib Prezidentə məlumat verməli, yenilənmiş qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Məsələni qəzetimizə şərh edən iqtisadçı-ekspert Əli Əlirzayev hesab edir ki, “Yaşayış minimumu haqqında” qanuna edilən dəyişikliklər sosial siyasətin daha rasional və məqsədyönlü idarə olunmasına imkan verə bilər.

Onun fikrincə, bu, sadəcə texniki dəyişiklik deyil, həm də sosial idarəetmədə yeni bir mərhələnin başlangıcıdır:

“Azərbaycanda uzun illər yaşayış minimumu anlayışı daha çox nominal xarakter daşıyırdı. Yəni, qanunla müəyyən edilən rəqəmlər real bazar qiymətlərinə və yaşayış xərclərinə uyğun gəlmirdi. Bu isə sosial siyasətin planlaşdırılmasında ciddi boşluqlara səbəb olurdu”.

Ekspert vurğulayıb ki, dövlət tərəfindən qida normalarının konkret müəssisələr üzrə müəyyən edilməsi həm sağlamlıq, həm iqtisadi səmərəlilik, həm də sosial ədalət baxımından vacibdir:

“İndiyə qədər bu sahədə sistemli yanaşma yox idi. Hər müəssisə öz daxili imkanlarına və büdcəsinə uyğun şəkildə qidalanma təmin edirdi. Bu isə keyfiyyətdə və bölgülərdə fərqlilik yaradırdı. Dövlət səviyyəsində vahid norma müəyyən olunarsa, bu, həm maliyyə planlaşdırmasını asanlaşdırar, həm də sosial bərabərliyi təmin edər. Əgər dövlət bu normaları real statistikaya və dietoloji əsaslara görə hazırlayarsa, bu, ölkənin strateji ərzaq ehtiyatlarının formalaşdırılmasına da təsir edəcək. Yəni dövlət bilir ki, sosial sahələrdə nə qədər un, ət, süd məhsuluna ehtiyac var. Bu isə daxili bazarda balanslaşdırmanı asanlaşdırır”.

İqtisadçı onu da vurğulayıb ki, qida normalarının müəyyənləşdirilməsi büdcə xərclərinin optimallaşdırılması baxımından da əhəmiyyətlidir. Dövlət bu normalara əsasən ehtiyac olan məhsul miqdarını dəqiq hesablaya və israfçılığın qarşısını ala bilər.

Mövzu ilə bağlı sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, qidalanma rejimi və qida planlaması təkcə porsiyalar üzrə deyil, eyni zamanda, insanın yaşına, cinsinə, gündəlik fiziki aktivliyinə, sağlamlıq vəziyyətinə, mövcud xroniki xəstəliklərinə və mövsümə uyğun balanslı şəkildə təşkil olunmalıdır:

“Qidalar mütləq vitamin və mineral balansını təmin etməli, makro və mikroelementlərlə zəngin olmalı, çeşidli və keyfiyyətli olmalıdır ki, orqanizm üçün vacib elementlərin çatışmazlığı yaranmasın. Belə çatışmazlıqlar müxtəlif xəstəliklərin inkişafına səbəb ola bilər”.

Onun sözlərinə görə, xüsusilə təhsil müəssisələrində uşaqlar üçün qida normaları hazırlanarkən yaş, cins və fiziki aktivlik nəzərə alınmalı, qidaların tərkibində faydalı şəkərlər, zülallar, A, D, B qrupu vitaminləri, dəmir kimi vacib elementlərin olması təmin edilməlidir:

“Uşaqların əzələ və daxili orqanlarının sağlam inkişafı üçün zülallar lazımi miqdarda qəbul olunmalıdır. Eyni zamanda, həddindən artıq duzlu, rəf ömrü uzun, kimyəvi qatqılı qidalardan, trans və doymuş yağların çox olduğu məhsullardan uzaq durmaq tövsiyə olunur. Onun əvəzinə təbii, keyfiyyətli mənşəli yağlara üstünlük verilməlidir. Gündəlik duz miqdarı da normanı keçməməlidir ki, gələcəkdə sağlamlıq problemlərinə səbəb olmasın”.

M.Hüseynova onu da qeyd edib ki, qidaların hazırlanması sanitar-gigiyena qaydalarına uyğun aparılmalı, hazırlayan şəxslər tibbi müayinədən keçməli və xüsusi geyimlərdən istifadə etməlidirlər:

“Uşaqlarda və digər həssas qruplarda hər hansı bir qidaya və ya qida maddəsinə qarşı allergiya və həssaslıqlar nəzərə alınmalı, təqdim edilən qarışıq qidalarda bu barədə açıq məlumat verilməlidir”.

Mütəxəssis bildirib ki, xəstəxanalarda, sığınacaqlarda və uşaq evlərində fərdi qidalanma planlamaları xüsusi əhəmiyyət daşıyır. Diabet, böyrək çatışmazlığı, ürək-damar xəstəlikləri kimi xroniki xəstəlikləri olan insanlar üçün xüsusi pəhrizlər tətbiq olunmalıdır:

“Belə şəxslər üçün həddindən artıq duzlu, şəkərli, yağlı və çoxkalorili qidalardan uzaq durmaq, zülal və lif baxımından zəngin, mövsümi meyvə-tərəvəzlərə, faydalı paxlalılara üstünlük vermək vacibdir. Zəruri hallarda bioloji aktiv maddələr və vitaminlər yalnız mütəxəssislərin tövsiyəsi ilə qəbul edilməlidir. Bütün bu qaydalara əməl olunarsa, qidalanma düzgün və balanslı hesab edilə bilər”.

Seçilən
35
hafta.az

1Mənbələr