ABŞ Dövlət Departamentində kütləvi ixtisarlar xaosa və idarənin bəzi şöbələrinin işində fasilələrə səbəb olub.
Moderator.az -ın xəbərinə görə, bu barədə "CBS News" kanalı departamentdəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, ixtisarlar bir sıra işçilər üçün gözlənilməz olub, çünki əvvəllər nəzərdə tutulmayan şöbələrə də təsir edib. İşdən çıxarılma prosesinin zəif təşkil edildiyi bildirilir. Belə ki, bəzi şöbə müdirlərinə işdən çıxarılacaq işçilərinin siyahısı verilməyib və onlar bu məlumatı şəxsən araşdırmalı olublar. Bundan əlavə, ezamiyyətdə olan bir çox əməkdaş gözlənilmədən işdən çıxarıldıqdan sonra rəsmi elektron poçtunun bloklanması səbəbindən çətinliklərlə üzləşib.
ABŞ Dövlət Departamentinin indiki və keçmiş rəsmilərinin qeyd etdiyi kimi, işçilərin əhəmiyyətli dərəcədə ixtisarı və bir neçə əsas departamentin tamamilə ləğvi ölkənin milli təhlükəsizliyi üçün ciddi risklər yaradır. "CBS News"un həmsöhbətləri qeyd ediblər ki, bir çox işçinin işdən çıxarılması ilə bağlı qərarlar kifayət qədər əsaslandırılmayıb və düşünülməyib. Belə bir vəziyyətin ABŞ-nin xarici tərəfdaşlarla münasibətlərinə xələl gətirə və ölkənin diplomatik nümayəndəliklərinin effektivliyini azalda biləcəyi iddia edilir.