AZ

Rusiyanın pomidor TƏHDİDİ

Yazını böyüt
Yazını kiçilt

İyulun 5-də Azərbaycandan Krasnodar vilayətinə göndərilmiş 18 ton şaftalı və nektarin partiyası “Rosselxoznadzor” tərəfindən fitosanitar nəzarət zamanı geri qaytarılıb. Məhsulda Rusiya üçün karantin hesab edilən zərərverici – western flower thrips (Frankliniella occidentalis) aşkar edildiyi bildirilir və bu əsasla məhsulun idxalı qadağan edilib.

Bir neçə gün öncə isə “Rosselxoznadzor” Azərbaycandan idxal edilən pomidor partiyasında Cənubi Amerika güvəsi aşkar edib. “Rosselxoznadzor”un Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi fitosanitar nəzarət postunda Azərbaycandan göndərilmiş 17,1 ton təzə pomidor partiyasının yoxlanılması zamanı zərərli orqanizm - Cənubi Amerika güvəsi (Tuta absoluta (Povolny) aşkarlayıb. “Rosselxoznadzor” İdarəsi tərəfindən yük sahibinə yoluxmuş subkarantin məhsulları ilə bağlı tədbirlərin görülməsi barədə bildiriş verilib. Mülkiyyətçi bu məhsulların zərərsizləşdirilməsi haqqında qərar qəbul edib.

Bu, son aylarda Rusiya tərəfindən Azərbaycan məhsullarına qarşı tətbiq edilən sayca bir neçə qadağadan yalnız ikisidir. Qeyd edək ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsi kənd təsərrüfatı sahəsinə də öz təsirini göstərməyə başlayıb. Siyasi baxımdan qarşılıqlı etimadın zəiflədiyi bu mərhələdə Rusiya tərəfindən Azərbaycandan idxal olunan məhsullara qarşı tətbiq edilən məqsədli embarqolar diqqət çəkir. Ekspertlər bildirirlər ki, bu addımlar təkcə fitosanitar təhlükəsizliklə bağlı deyil, siyasi və iqtisadi təzyiq vasitəsi kimi də dəyərləndirilə bilər.

Mövzu ilə bağlı kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, münasibətlərin gərginləşməsi fonunda Rusiya hakimiyyəti idxal-ixrac məhsullarına məhduiyyət qoymaqdan bir siyasi alət kimi istifadə edir:

“Bu, əvvəl də belə olub. Əvvəllər bizim çoxsayılı fermerlər Rusiyanın apardığı bu siyasətdən çox ciddi zərərə məruz qalıblar. Məsələn, Şəmkir rayonunun Düyərli kəndində, Göyçayda azsaylı pomidor istehsalçıları qalıb. Xatırlayırsınızsa, 5-6 il bundan öncə Rusiyaya sanksiya qoyulanda, ruslar Azərbaycandan idxal həcmini xeyli artırdılar. Növbəti mərhələdə idxalda alternativ bazarlar tapan Rusiya yenidən Azərbaycana diş qıcamağa başladı. Rusiya mətbuatı və dövlət rəsmiləri açıq-aşkar idxal və ixrac məsələsində Azərbaycanı təhdid etməkdədir. Vəziyyət daha da gərginləşə bilər. Biz hazır olmalıyıq". 

Ekspert vurğulayıb ki, daha çox Azərbaycan bazarında tələb görən məhsullar istehsal olunmalıdır:

“Hansı məhsula Azərbaycanda tələbat var, məhz o məhsullar istehsal olunmalıdır. Niyə biz hər dəfə Rusiyanı hesablayıb bağ salmalıyıq? Nəticədə də görürük ki, Rusiya müəyyən mərhələdən sonra bizə problemlər yaradır. Üstəlik dəfələrlə bildirmişik ki, Rusiya bazarı dayanıqlı deyil. Azərbaycanın kifayət qədər resursları və imkanları var. Biz özümüz-özümüzü təmin etməliyik. Təəssüflər olsun ki, bu baş vermədi. Azərbaycan ixrac etdiyi yeyinti məhsullarının 80 faizini, idxal etdiklərinin isə 25 faizini Rusiyadan edir. Biz bu haqda ciddi düşünməli idik”.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Cəfər İbrahimli deyir ki, Azərbaycan təchizatçıları uzun illərdir Rusiyaya pomidor, nektarin və şaftalı ixrac edirlər:

“Son illərdə süd və süd məhsulları, xüsusilə də kərə yağı ixracı diqqət çəkir. Rusiya tərəfindən tətbiq edilən məhdudiyyətlərin müvəqqəti xarakter daşıdığını düşünürəm. İllərdir, Azərbaycan fermerləri və təchizatçıları bu məhsulları Rusiya bazarına çıxarır. Məncə, yerli istehsalçılar Rusiya bazarının və qida təhlükəsizliyi qaydalarını yaxşı bilir deyə onlara əməl edir”.

Ekspert məsələnin tezliklə həll olunacağına və ixracın davam edəcəyinə ümid etdiyini də vurğulayır:

“İlk növbədə, Rusiya bu məhsulların idxalında maraqlıdır. Azərbaycan illərdir həmin məhsulları ciddi həcmdə Rusiya bazarına çıxarır. Bu baxımdan, Rusiyanın daxili tələbatını nəzərə alsaq, qarşılıqlı şəkildə müvafiq qurumlar məsələyə həll yolu tapacaq və proses hər iki tərəfin maraqlarına uyğun davam edəcək. Adıçəkilən məhsullar Azərbaycanda kifayət qədərdir və ölkə onların ixracında maraqlıdır. Rusiya isə bu məhsulları almaqda maraqlıdır. Hazırda Rusiyanın müxtəlif ölkələrlə problemləri və sanksiyaları var. Bu fonda münasibətləri normal olan ölkələrdən biri Azərbaycandır və bu çərçivədə də ticarət və ixrac-idxal məsələlərinin davam edəcəyini düşünürəm”.

Seçilən
41
hafta.az

1Mənbələr