Hər insanın gün ərzində "daha yaradıcı olduğu" müəyyən bir zaman aralığı var. Lakin bu zaman hər kəs üçün fərqlidir. Neyroloji baxımdan yanaşdıqda isə, iki fərqli fikrin beyində toqquşması nəticəsində üçüncü bir fikir yaranır. Beyində baş verən bu "toqquşma" isə insanın özünü müxtəlif mühitlərə və fərqli məlumatlara açıq etməsi ilə daha asan şəkildə baş verir.
İnhibisiya və ya tutulma olaraq bilinən hal, daha doğrusu bu halın mövcud olmaması ilə yaradıcılıq arasında birbaşa əlaqə var. Yəni günün hansı saatında daha yaradıcı olduğunuzu bilmək istəyirsinizsə, bu tutulmanın nə zaman baş verdiyini müəyyən etməlisiniz. Çünki çox insan bu anlarda enerji düşkünlüyü yaşayır və məhsuldarlığı aşağı düşür.
Buna baxmayaraq, yaradıcılığın ən yüksək səviyyədə olduğu zaman, insanın ən məhsuldar olduğu zamana tam olaraq uyğun gəlmir. Yaradıcılığın optimal səviyyədə olduğu an zehinin aydın olduğu, amma eyni zamanda bir qədər yorulmağa başladığı andır. Belə anlarda insan fərqli fikirlərə və yeni əlaqələr qurmağa daha açıq olur.
Çox insan üçün bu zaman aralığı günorta saatlarına təsadüf edir. İnsanların əksəriyyəti “sabahçı”dır, yəni səhər saatlarında daha yaxşı diqqət toplaya bilir, beyin səhərlər daha enerjili olur. Bu səbəbdən, belə insanların yaradıcılıq baxımından ən güclü olduqları zaman təxminən saat 11:00-dan 13:00-a qədər olan müddətdir. Səhər saatlarında tamamlanan işlər beyni bir qədər sərbəst buraxır, onu konkret bir məqsədə kilidlənməkdən azad edir. Bu da beynin assosiasiya qurmağa, yəni sərbəst çağrışımlara başlamasını təmin edir.
Əgər gecə işləməyə öyrəşmiş bir insansınızsa, səhərlər olduqca yaradıcı fikirlərlə oyanma ehtimalınız yüksəkdir. Səhər oyanarkən hiss edilən yüngül "mahmurluq" yeni və yaradıcı ideyaların beyinlə təmas qurması üçün uyğun zəmin yaradır.
Valyuta.az xəbər verir ki, prof. Sahar Yousef səhərin irəliləyən saatlarının və günorta saatlarının yaradıcılıq baxımından ən uyğun vaxtlar olduğunu bildirir. Saat 12:00–13:00 arasında hiss edilən yüngül yorğunluq isə əslində yaradıcılıq üçün ideal bir dövrə işarə edir.
Yaradıcılıq saatınızı necə tapmalısınız?
İnsanın öz bioloji saatını müəyyən etməsi üçün özünü tanıması vacibdir. Hər kəs fərqlidir və hər kəs öz ən yaradıcı vaxtını özü müəyyən etməlidir. Bunun üçün sadə bir təcrübə apara bilərsiniz:
Beş gün ərzində günün müxtəlif saatlarında (səhər erkən, günorta öncəsi, günorta, ikinci yarı və axşam) yaradıcı fəaliyyətlərlə məşğul olun və təcrübələrinizi qeyd edin. Özünüzdən bu sualları soruşun:
- Bu səhər nə qədər yaradıcı idim?
- Gözəçarpan və konkret bir fikir irəli sürdümmü?
Bu təcrübəni bir neçə ay davam etdirin. Beləliklə, yaradıcılığınızın ən yüksək olduğu zaman aralığını müəyyən edə bilərsiniz.
Beyniniz yorulanda nə etməlisiniz?
Əgər bir problemi həll etməli, yaradıcı bir fikir tapmalı, yeni bir şey dizayn etməli, amma beyninizin dayanmış kimi hiss etdiyiniz anlar olur, bu sizə tanışdır, elə deyilmi?
Belə anlarda yaradıcı olmaq çox çətin ola bilər. Bu səbəbdən, beyninizə yeni məlumat, yeni stimul, yeni vizual və ya eşitmə təcrübəsi lazımdır.
İnsanların duş qəbul edərkən və ya gəzintidə ikən ən yaxşı ideyalarının ağlına gəlməsi təsadüfi deyil. Beyin problem üzərində düşünərkən başqa bir fəaliyyətlə məşğul olmaq – problemi fərqli baxış bucağından görməyə şərait yaradır. Yeni stimullar isə beyində “tıxanmış dişliləri” hərəkətə gətirir. Bu da beyində yeni neyron əlaqələrinin yaranmasına və yaradıcı ideyaların meydana çıxmasına səbəb olur.
Fəaliyyətinizin zəiflədiyini görəndə özünüzü rahatlatmaq üçün bir çox addım ata bilərsiz. Məsələn, oturduğunuz yeri dəyişin, qısa bir gəzintiyə çıxın, yemək yeyin, fərqli janrda musiqilər dinləyin, maraqlanmadığınız bir mövzuda kitabın 10 səhifəsini oxuyun, ətrafınızdakı stimulları dəyişin.
Faydalılığınızın artması üçün yuxunun rolu da vacibdir. Yuxu sağlam, xoşbəxt, yaradıcı və məhsuldar bir beyin üçün əvəzolunmazdır. Əgər yuxunuz keyfiyyətsizdirsə, yaradıcılığınız ciddi şəkildə əngəllənə bilər. Yuxusuz insan tez-tez qaramsar olur, insanlara qarşı mənfi münasibət bəsləyir və sanki dünya ona qarşıymış kimi hiss edir. Pis yuxu rejimi olan insanın beynində formalaşan fikirlər inkişaf edib yetişməyə imkan tapmır – çünki o fikirlər daim sərt tənqidə məruz qalır.
Amma bəzi insanlar bu yuxusuz və gərgin anlarda daha yaradıcı ola bilirlər. Bu fərqli halı siz də öz üzərinizdə test edə bilərsiniz: Yaxşı yatdığınız günlərlə pis yatdığınız günləri müqayisə edin və hansında daha yaradıcı ideyalarınız olduğunu müşahidə edin. Ancaq 5 saatdan az yatmamağa çalışın. Bu, uzunmüddətli sağlamlıq üçün vacibdir.
Ən yaradıcı saatlarda nə etməlisiniz?
Prof. Sahar Yousef-in araşdırmasına görə, insanların çoxu üçün ən yaradıcı vaxt səhər 10:00–12:00 arasıdır. Əgər bu zaman sizin üçün də belədirsə, bu saatlarda nələrə diqqət etməlisiniz?
- E-mail-lərinizi yoxlamayın.
- Telefonun bildirişlərini söndürün, hətta mümkün olsa tamamilə bağlayın.
- Bütün diqqətinizi işlədiyiniz layihəyə yönəldin.
- Ofisdəsinizsə, masanızı dəyişə bilərsiniz.
- Ətraf mühitin sizi yayındırmasına imkan verməyin.
- Qulaqlıqdan istifadə edin və sizi motivasiya edən bir atmosfer yaradın.
- Ətrafınızdakı insanlara (iş yoldaşları, ailə üzvləri) bu saatlarda sizi yalnız həyati vacib məsələlər üçün narahat etmələrini bildirin.
Musiqi dinləmək işə yarayırmı?
Bu məsələ mübahisəlidir. Bəziləri musiqi ilə daha yaxşı fokuslanır, bəziləri isə musiqi olduğu halda diqqətini toplaya bilmir. Bu səbəbdən, musiqinin sizə necə təsir etdiyini özünüz müəyyən etməlisiniz.
Son olaraq qeyd edək ki, bütün bu sadalananlar işə yarasa da, hər insana fərqli təsir edərək, indivudallıq daşıyır. Daha məhsuldar olacağınız saatı isə özünüz gününüzə, planlarınıza uyğun müəyyən edə bilərsiniz.
Günay