Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Qalib Nəbiyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 04 sentyabr 2024-cü il tarixdə, saat 23:50-də Cəlilabad şəhəri Qurtuluş prospektində yerləşən “Mustafa Tesktil” ticarət mərkəzinin qarşısında qeydə alınıb.
Belə ki, Qalib Nəbiyev zərərçəkmiş İlqar Behbudovla (adı, soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə zərərçəkmiş şəxsin onun dayısını gecə saatlarında narahat etməsi olub. Bu zaman təqsirləndirilən şəxs İlqarın onun dediyi sözlərə məhəl qoymamasına görə əsəbiləşib, zərərçəkmiş şəxsin işlətdiyi ifadələr ona pis təsir edib. Sonra Qalib xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin burun nahiyəsinə qəsdən bir dəfə yumruq zərbəsi vuraraq sındırıb.
Hadisədən sonra Qalib Nəbiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Kamal Məmmədov