AZ

Riera: “Sabah”la cavab matçına çox yaxşı hazırlaşmışıq”

“Çelye”nin baş məşqçisi Albert Riera Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Sabah”la cavab matçı öncəsi fkirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Sloveniya və Azərbaycan komandaları arasındakı cavab görüşü sabah Çelyedə keçiriləcək.

Albert Riera ev oyunu öncəsi təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk matçdan sonra belə bir hiss yarandı ki, biz fasilələrlə çox həssasıq. Buna görə də hazırlıqda oyunun bu seqmentinə daha çox diqqət yetirdik. Probleminiz varsa, amma onu necə həll edəcəyinizi bilirsinizsə, bu, problem deyil, sadəcə, bir çağırışdır. Mövsümə qələbə ilə başlamaq vacib idi. Psixoloji cəhətdən üstünlük qazandıq. Cavab matçına da çox yaxşı hazırlaşmışıq”.

“Çelye”nin futbolçusu Franko Kovaçeviç də qatıldığı mətbuat konfransında bunları bildirib:

“İlk qarşılaşma istədiyimiz kimi başlamadı, amma tez toparlandıq və sonda qələbə qazandıq. Bakıda vurduğum hər iki qolda işin çoxunu komanda gördü. Mən, sadəcə, son toxunuşu edərək topu qapıya göndərdim. “Çelye”də özümü yaxşı hiss edirəm, komanda məni gözəl qarşıladı. Uğur üçün rəqib haqqında lazım olan bütün məlumatlara sahib olmalıyıq. Məşqçi matçın planını hazırlayan şəxsdir və onun tapşırıqlarını mümkün qədər yaxşı yerinə yetirməyə çalışmalıyıq”.

Xatırladaq ki, sabah keçiriləcək “Çelye” – “Sabah” matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Tərəflər arasında Bakıda gerçəkləşmiş ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
50
4
arena.az

9Mənbələr