AZ

Azərbaycanın ixracı ilin sonunadək azalmaqda davam edə bilər - pis proqnoz...


Akif Nəsirli: “Proseslərin gedişi idxalın daha da artacağından xəbər verir”

Azərbaycanda idxalın artması ilə bağlı yayılan məlumatlar ürəkaçan deyil. 2025-ci ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 20 milyard 269 milyon dollar təşkil edib.

Bunun 50,8 faizi ixracın, 49,2 faizi isə idxalın payına düşür. İlin ilk iki ayından sonra idxalın payı cəmi 46 faiz idi. İndiki mənzərə isə tezliklə idxalın ixracı keçəcəyindən xəbər verir. Bir sözlə, görünən odur ki, xarici ticarət dövriyyəsində idxalın payı ixraca lap yaxınlaşıb.

Maraqlıdır, Azərbaycan iqtisadiyyatında nə baş verir? Bu templə gediriksə ilin axırına qədər idxalın daha sürətlə artacağını ehtimal etmək olarmı? İlin əvvəlində idxal 46 faiz idisə, indi 49 faiz olub. Yəni bu temp ilin sonuna qədər artacaq, yoxsa azalacaq, ya da stabil qalacaq? Bir sözlə, Azərbaycanın idxalının artması və yaxud da azalması ilə bağlı nə kimi proqnozlar var?

“Bütün bunlar əsasən Azərbaycanda rəqabət mühitinin olmaması və inhisarçılığın hökm sürməsi ilə bağlıdır”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında baş verənləri bir sıra amillərlə əlaqələndirdi: “Ondan başlayaq ki, 2023-cü ildə Azərbaycanın idxal-ixrac əməliyyatlarında müsbət saldonun payı 15 milyard dollara bərabər idi. 2024-cü ildə bu göstərici 5 milyard dollara düşdü. 2025-ci ilin birinci rübündə Azərbaycanın xarici ticarət dövriyyəsində mənfi saldo izlənildi və bu tendensiya ilin ikinci rübündə də müşahidə olundu. Hazırda real dəyərləndirmə ilə Azərbaycanın xarici ticarət balansında artıq mənfi saldo yaranıb. Mənfi saldonun yaranmasının əsas səbəbi neft hasilatının azalması və bu azalmanın qaz hasilatının genişlənməsi ilə kompensasiya edilə bilməməsidir. Digər tərəfdən, qeyri-neft sektorunun inkişafından nə qədər danışsaq da, son 30 ildə, yəni neft ixracatından əldə edilən gəlirlərin artdığı dövrdə qeyri-neft sektorunu inkişaf etdirə bilmədik. Halbuki, inkişaf olsaydı, neft-qazın azalması dönəmində bizim xarici ticarət dövriyyəmizin azalmaması üçün bu sahə dəstək vermiş olardı. Neft ixracından azalan gəlirləri əslində qeyri-neft sektoru kompensasiya etməli idi. O azalma hesabına qeyri-neft sektorunun ixracatı artmalı idi. Çox təəssüflər olsun ki, hökumətin apardığı iqtisadi siyasət bu planı reallaşdıra bilmədi. Ona görə də ölkənin ixracatının əsas hissəsi indi də neft-qaz sektorunun hesabına formalaşır. Qaz hasilatı getdikcə artsa da, neft hasilatı azalmaqda davam edir. Baxmayaraq ki, ötən il dövlət başçısı bununla bağlı narahatlıqlarını bildirdi. O cümlədən, neft hasilatı ilə bağlı yeni kontraktlar imzalandı. “Əsrin müqaviləsi” yeniləndi, amma bütün bunlar hələ də neft hasilatının davamlı olaraq azalmasını önləyə bilmir. Yəni bu gün əslində Azərbaycanda xarici ticarət dövriyyəsində ixracatın azalmasının səbəbi neft hasilatının və ixracatının azalmasıdır. İdxalın artması isə ölkə daxilində qeyri-neft sektorunun inkişaf etdirilməməsi və inhisarçılıq səbəbindən istehsalın getdikcə zəifləfəsinə səbəb olur. Bu da idxalı stimullaşdırır. Ölkə daxilində kifayət qədər məhsul istehsalı olmadığına görə, istehsalın ildən-ilə azalmasına görə onun yerini idxal tutur. Yəni iqtisadiyyatımız elə durumdadır ki, bir tərəfdən ixrac azalır, digər tərəfdən qeyri-neft sektorunun zəifliyi üzündən idxal artır. Bütün bunlar əsasən Azərbaycanda rəqabət mühitinin olmaması və inhisarçılığın hökm sürməsi ilə bağlıdır. Proseslərin gedişi idxalın daha da artacağından xəbər verir”.

Vidadi ORDAHALLI

Seçilən
83
47
baki-xeber.com

10Mənbələr