İyulun 14-15-də Belçikanın Brüssel şəhərində NATO Parlament Assambleyasının “Avropa İttifaqı-NATO əməkdaşlığı: Əsas tərəfdaşlıq və demokratik davamlılıq” mövzusunda 107-ci Rouz-Rout seminarı keçirilib. Seminarda Azərbaycan Milli Məclisinin deputatı, parlamentin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Samir Vəliyev iştirak edib.
Bu barədə «Azərbaycan» qəzetinə açıqlama verən Samir Vəliyev bildirib ki, seminar Avropa Parlamenti ilə tərəfdaşlıq çərçivəsində və Təhlükəsizlik Sektoru İdarəçiliyi üzrə Cenevrə Mərkəzinin (DCAF) və İsveçrə Müdafiə, Mülki Müdafiə və İdman üzrə Federal Departamentinin dəstəyi ilə təşkil olunub. Tədbirdə NATO-nun müttəfiq və tərəfdaş dövlətlərindən olan parlament üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, akademik dairələrin təmsilçiləri, qeyri-hökumət təşkilatları və aparıcı tədqiqat mərkəzlərinin ekspertləri daxil olmaqla yüzə yaxın iştirakçı bir araya gəlib.
Deputatın sözlərinə görə, seminar çərçivəsində iştirakçılar hibrid təhdidlərə qarşı birgə mübarizə, demokratik institutların dayanıqlığının möhkəmləndirilməsi və Aİ ilə NATO arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələr aparıblar.
Rəşad CƏFƏRLİ,
«Azərbaycan»