Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) yeni seçilmiş Baş katibi Ərgüc Kələntərli Cenevrə şəhərinə yola düşməzdən öncə İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri cənab Tomas Ştəl ilə görüşüb.
APA xəbər verir ki, görüş zamanı BMMT ilə İsveçrə Konfederasiyası arasında mövcud əməkdaşlıq münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Yeni Baş katib, BMMT-nin mənzil-qərargah ölkəsi qismində İsveçrənin təşkilata göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü ifadə edib və bu əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Görüşdə həmçinin beynəlxalq humanitar mexanizmlərin gücləndirilməsi və fövqəladə hallara hazırlıq sahəsində mümkün əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 1931-ci ildə təsis olunmuş və əsas funksiyası üzv dövlətlərdə fövqəladə hallara hazırlıq, mülki müdafiə və risklərin azaldılması sahəsində milli imkanların gücləndirilməsinə dəstək göstərməkdən ibarət olan BMMT-nin mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.