AZ

5-ci qrup ixtisas universitetləri attestatla qəbulu dayandırdılar...


Kamran Əsədov: “Bu, təhsil sistemində orta səviyyənin dominant olduğunu göstərir və alternativ qəbul mexanizmlərinin tətbiqini zəruri edir”

“Yalnız attestatla qəbul imkanı bu il bəzi ixtisaslar üzrə təqdim edilməyib. Həmin ixtisasların V ixtisas qrupuna daxil edilməsi nəzərdə tutulsa da, layihə reallaşdırılmayıb”.

Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, ali təhsil müəssisələri bu təşəbbüsə etiraz ediblər: “Bildirdilər ki, onlar üçün abituriyentlərin həmin sahəyə dair ilkin bilikləri əldə etməsi vacibdir”.

Maraqlıdır, V ixtisas qrupu üzrə universitetlər niyə attestatla qəbul aparmayıb? Ümumiyyətlə, ali məktəblərin belə hüququ varmı? Universitetlər özləri bu qaydanı icra ya ləğv edə bilərmi?

“Attestatla qəbul modelinin tətbiq olunmaması hüquqi əsaslardan çox, idarəetmədəki zəiflik və təşəbbüsün məntiqsiz planlaşdırılması ilə bağlıdır”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, attestatla qəbul modelinin tətbiqində yaşanan qeyri-müəyyənlik, qərarların icrası ilə bağlı ziddiyyətli yanaşmalar və ali təhsil müəssisələrinin bu prosesi rədd etməsi təhsilin idarə olunmasında koordinasiyanın olmadığını, normativ hüquqi baza ilə real tətbiqat arasında uçurumun dərinləşdiyini göstərir. Dövlət İmtahan Mərkəzinin 2024/2025-ci tədris ili üzrə elmi-statistik təhlilində qeyd olunur ki, bu il bəzi ixtisaslar üzrə attestatla qəbul imkanı nəzərdə tutulsa da, ali məktəblərin etirazı ilə layihə reallaşmayıb. Bu isə birbaşa normativ idarəetmə böhranıdır: “Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5.4-cü maddəsində qeyd olunur ki, ali təhsil müəssisələrinin müstəqilliyi onların təhsil proqramlarının müəyyən olunmasında, eləcə də qəbul siyasətinin formalaşmasında iştirak hüququnu tanıyır. Lakin həmin qanun ali məktəblərə dövlət səviyyəsində qəbul qaydalarını ləğv etmək və ya tətbiq etməmək səlahiyyəti vermir. Qəbulun təşkili Dövlət İmtahan Mərkəzi və Nazirlər Kabineti tərəfindən tənzimlənir. Bu səbəbdən də attestatla qəbul modelinin tətbiq olunmaması hüquqi əsaslardan çox, idarəetmədəki zəiflik və təşəbbüsün məntiqsiz planlaşdırılması ilə bağlıdır. V ixtisas qrupuna daxil olan sahələr – turizm, menecment, dövlət və bələdiyyə idarəetməsi, arxiv işi və s. – nəzəri-tətbiqi biliklərə əsaslanır. Bu istiqamətlər üzrə ilkin baza bilikləri imtahan yolu ilə yox, uzunmüddətli akademik hazırlıqla da müəyyən edilə bilər. Bunu nəzərə alaraq, bu sahələrdə attestatla qəbul mexanizmi müəyyən çevrədə tətbiq oluna bilərdi. Lakin ali məktəblər bu ideyanı rədd etdi. Onların arqumenti ondan ibarətdir ki, bu sahəyə gələn abituriyentlər baza biliklərə malik olmalıdır və attestat buna zəmanət vermir.

Bununla yanaşı, məsələ təkcə ali məktəblərin etirazında deyil, bu etirazın ictimai əsaslandırılmaması, Elm və Təhsil Nazirliyinin prosesə aktiv deyil, passiv yanaşmasındadır. Nazirlik bu layihəni nə izah etdi, nə təbliğ etdi, nə də ali təhsil müəssisələrini maarifləndirdi. Bu isə planın təməlindən zəif qurulduğunu göstərir. Təhsil siyasətində qəbul kimi strateji məsələ barədə müxtəlif aktorların fikir ayrılığı olmamalı, bütün tərəflər öncədən məlumatlandırılmalı, ictimaiyyətə aydın və dəqiq yol xəritəsi təqdim olunmalı idi. Bu isə baş vermədi.

Statistik göstəricilər göstərir ki, 2024/2025-ci tədris ili üzrə abituriyentlərin böyük əksəriyyəti orta nəticə göstərib. Məsələn, I–IV ixtisas qruplarında iştirak edənlərin 46.07 faizi 300–500 bal aralığında nəticə göstərib. Bu, təhsil sistemində orta səviyyənin dominant olduğunu göstərir və alternativ qəbul mexanizmlərinin tətbiqini zəruri edir. Məsələn, bu tip nəticələrə malik abituriyentlər üçün yalnız imtahanla deyil, məktəb qiymətləndirilməsinə əsaslanan çoxşaxəli model hazırlanmalıdır. Attestatla qəbul buna alternativ ola bilərdi. Lakin həmin modelin arxasında nə pedaqoji əsaslandırma, nə mexanizm, nə də monitorinq strukturu var idi. Dünya təcrübəsində, xüsusilə Almaniya, Finlandiya, Hollandiya və Cənubi Koreya kimi ölkələrdə attestatla qəbul modeli geniş tətbiq olunur. Almaniyada “Abitur” adlı attestat nəticəsi ilə birbaşa universitetə qəbul mümkündür, lakin bu nəticə şagirdin illik fəaliyyətinə, məktəbdaxili imtahanlara, layihələrə və mərkəzləşdirilmiş qiymətləndirmələrə əsaslanır. Yəni məktəbdə qiymət subyektiv deyil, sistemləşdirilmiş mexanizmlərlə ölçülür. Azərbaycanda isə məktəb qiymətləri bəzən müəllimin şəxsi münasibətinə, şagirdin davamiyyətinə və ya valideyn nüfuzuna əsasən yazılır. Bu cür şəraitdə attestatla qəbul modeli tətbiq edilsə, keyfiyyətə yox, formaya xidmət edəcək”.

Ekspert hesab edir ki, attestatla qəbul sisteminin tətbiqi üçün ilk növbədə məktəbdaxili qiymətləndirmə mexanizmləri yenidən qurulmalı, müəllimlər üçün vahid qiymətləndirmə meyarları hazırlanmalı, məktəblərdə portfolioların, layihə əsaslı fəaliyyətlərin və monitorinq mexanizmlərinin tətbiqi təmin olunmalıdır. Əgər bu təmin olunmasa, attestatla qəbul yalnız yeni bir korrupsiya mexanizminə çevrilə bilər: “Elm və Təhsil Nazirliyi bu istiqamətdə nə hüquqi baza hazırlayıb, nə ictimai müzakirə açıb, nə də təşəbbüsün nəticələrini proqnozlaşdıracaq bir elmi-təhlil sənədi yayımlayıb. Bu passivlik strateji təhsildə sistemli düşüncənin yoxluğunu göstərir. Nazirlik yalnız normativ dəyişikliklərə reaksiya verir, lakin bu dəyişikliklərin ictimai şərh, təhsil psixologiyası və institusional nəticələrini öncədən hesablaya bilmir. Ali məktəblərlə Elm və Təhsil Nazirliyi arasında bu cür uyğunsuzluqlar davam edərsə, qəbul prosesləri etibarsızlaşacaq, abituriyentlər və valideynlər üçün təhsil sisteminə olan inam daha da azalacaq. Bu isə uzunmüddətli perspektivdə insan kapitalının keyfiyyətinə ciddi zərbədir. Qarşıdakı illər üçün zəruri olan addım yalnız imtahanla və ya yalnız attestatla deyil, kombinə edilmiş və şəffaf mexanizmlərə əsaslanan qəbul modelidir. Bu model hazırlanmalı, pilot şəkildə sınaqdan keçirilməli və nəticələri ictimaiyyətə təqdim edilməlidir. Elm və Təhsil Nazirliyi isə bu prosesi kənardan müşahidə etməyi deyil, liderliyi üzərinə götürməyi bacarmalıdır. Əks halda, biz hər il eyni nəticələri təkrarlayacaq, dəyişən yalnız statistikanın rəngləri olacaq. Təhsil isə rəqəmlərlə deyil, keyfiyyətlə ölçülür”.

Günel CƏLİLOVA

phrase_var_article.chosen
23
50
baki-xeber.com

10phrase_var_article.sources