AZ

"Sputnik Azərbaycan"ın əməkdaşlarının saxlanılması qanunvericiliyə tam uyğundur

Rusiya media orqanları "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının həbs olunması ilə bağlı həqiqətdən xeyli uzaq olan fikirlər uydururlar.  Bununla əsl həqiqəti dünya ictimaiyyətindən gizlətməyə çalışırlar. Guya ki, ölkəmizdə fəaliyyət göstərən "Sputnik"in əməkdaşları günahsız olaraq həbs ediliblər. Amma Rusiya mətbuatı yazmır ki, agentliyin fəaliyyəti rəsmi olaraq 32 ölkədə, o cümlədən Avropa İttifaqının bütün 27 dövlətində, həmçinin Ukrayna, Böyük Britaniya, Kanada, İsveçrə və Avstraliyada qadağan edilib.

Rusiya Jurnalistlər İttifaqı öz ölkəsində jurnalistlərin təqibi və söz azadlığının məhdudlaşdırılması problemlərindən söz açmır, bunu arxa planda saxlayır. Öz ölkəsində fəaliyyət göstərən jurnalistlərə olan münasibətdən, müstəqil media nümayəndələrinin həbs olunmalarının, onlara qarşı göstərilən müxtəlif formalı təzyiqlərin üstündən sükutla keçir. Məlumat üçün bildirək ki, 1992-ci ildən indiyə qədər Rusiyada 50-dən çox jurnalist öldürülüb. Bundan əlavə, 2019-cu ildən 2024-cü ilə qədər ölkədə ən azı 26 jurnalist saxlanılıb. 

Rusiya Federasiyası sərəncamında olan kütləvi informasiya vasitələrindən xarici siyasətində təsir göstərmək üçün alət kimi istifadə edir. Ona görə də "Sputnik Azərbaycan" ətrafında baş verən hadisələr mətbuat azadlığı mövzusundan çox uzaqdır. Açıq görünən odur ki, Rusiya bu media qurumları vasitəsilə başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da daxili təxribat və casusluq şəbəkəsi formalaşdırmağa cəhd göstərib. 

"Sputnik Azərbaycan" ətrafında baş verən hadisələrlə bağlı Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, son illər Rusiya Federasiyası xarici siyasətdə təsir aləti kimi mediadan daha fəal istifadə edir. İnformasiya fəaliyyəti pərdəsi altında ictimai rəyin formalaşdırılmasına və suveren dövlətlərdə siyasi vəziyyətin sabitliyinin pozulmasına yönəlmiş genişmiqyaslı kampaniyalar aparılır. Başqa ölkələrin daxili işlərinə müdaxilə olan belə hərəkətlər yerli ictimai institutların fəaliyyətini pozur və hakimiyyətlərə etimadın səviyyəsini azaldır. Bu praktika Rusiyanın "Sputnik" agentliyinin və onun əməkdaşlarının fəaliyyətində özünü daha çox büruzə verir.

Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və hüquq müdafiəsi assosiasiyalarına ünvanlanan məktubuna cavab olaraq, hadisələrin obyektiv mənzərəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq vacibdir.

Əvvəla, məktubda faktlar kobud şəkildə təhrif edilir ki, bu da beynəlxalq ictimai rəyi aşkar surətdə manipulyasiya etmək cəhdindən xəbər verir. Açıq məktubda yer alan ifadələrin əksinə olaraq, "Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıxın və böyük redaktor Yevgeni Belousovun saxlanılmasının onların jurnalistika sahəsində peşə vəzifələrini yerinə yetirmələri ilə heç bir əlaqəsi yoxdur. Xüsusi vurğulanmalıdır ki, həmin şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq ediblər və jurnalist fəaliyyəti ilə bağlı olmayan tapşırıqları yerinə yetirmək məqsədilə Azərbaycanda olublar. Bu baxımdan onların saxlanılması mövcud qanunvericiliyə tam uyğun və qanuni müstəvidə həyata keçirilən hüquqi tədbirdir.

Azərbaycan Mətbuat Şurası müraciətində vəziyyəti beynəlxalq ictimaiyyətə daha ətraflı və dolğun şəkildə çatdırmaq üçün faktları təqdim edir: "Sputnik Azərbaycan"a əvvəllər bir neçə il Rusiya xüsusi xidmət orqanlarının karyera zabiti, Baş Kəşfiyyat İdarəsi (QRU) ilə sıx bağlı olan Vitali Denisov rəhbərlik edib. Bundan əvvəl o, "Sputnik Cənubi Osetiya" agentliyinə, daha sonra isə "Sputnik Moldova"ya başçılıq edib. O, bu vəzifələrdə Rusiya xüsusi xidmət orqanlarının maraqları naminə həmin regionların media resurslarından yararlanaraq, Kremlin gündəliyinin təbliğinə yönəlmiş informasiya və təbliğat kampaniyalarına rəhbərlik edib. Təxribat fəaliyyətinə görə Denisov Azərbaycandan və Moldovadan qovulub, bu isə bir daha təsdiq edir ki, cəmiyyəti məlumatlandırmaqdan uzaq olan vəzifələr çox vaxt jurnalist fəaliyyəti adı altında həyata keçirilir. Söhbət onları qəbul edən ölkələrin milli təhlükəsizliyinə təhdid yaradan əlaqələndirilmiş təsir və müdaxilə cəhdlərindən gedir".

Azərbaycan Mətbuat Şurası müraciətində xüsusi olaraq qeyd edir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialından başqa bir şey olmayan "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının saxlanılması ilə bağlı yaranmış vəziyyətdə beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları ilk növbədə Rusiya Jurnalistlər İttifaqının təmsil etdiyi guya müstəqil jurnalist təşkilatlarının xüsusi xidmət orqanları ilə əlaqəsi, onların siyasi təsir və informasiya manipulyasiyası vasitəsinə çevrildiyi barədə düşünməlidirlər. Özündə həqiqəti, real faktları əks etdirən müraciət bu sözlərlə tamamlanır: "Biz beynəlxalq jurnalist və insan haqları təşkilatlarını bu cür informasiya təxribatına adekvat reaksiya verməyə və mediadan siyasi məqsədlər üçün istifadəni qətiyyətlə pisləməyə çağırırıq".

Göründüyü kimi, Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə ünvanladığı bu müraciəti ilə Rusiya Jurnalistlər İttifaqının bəyanatına həm tutarlı cavab verir, həm də onun anti-Azərbaycan fəaliyyətini beynəlxalq aləmdə ifşa edir. İnanırıq ki, müraciətlə yaxından tanış olan beynəlxalq ictimaiyyət kimin haqlı, kimin haqsız olduğunu aydın şəkildə görəcək. Onu da görəcək ki, Azərbaycan bu gün sadəcə regional güc deyil, eyni zamanda suverenliyini qorumağa qadir və hazır olan güclü, qüdrətli, daim inkişaf edən, regionda söz sahibinə çevrilən bir dövlətdir. 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Seçilən
99
50
azerbaijan-news.az

10Mənbələr