AZ

Federiko Valverde üçün daha bir müstəsna rekord

Uruqvay millisinin və Madrid “Real”ının yarımmüdafiəçisi Federiko Valverde növbəti müstəsna rekordu ilə diqqət mərkəzinə düşüb.

Arena.az xəbər verir ki, 26 yaşlı ötən mövsüm meydanda ən çox vaxt keçirmiş futbolçu olub.

“Marca”nın xəbərinə görə, mövsüm ərzində 6000 dəqiqədən çox meydanda olan futbolçu rekorda imza atıb. Yarımmüdafiəçi həm “Real”ın, həm də yığmanın heyətində 72 matçda oynayıb və 6116 dəqiqə meydanda olub.

Bu siyahıda “Mançester Yunayted”in və Portuqaliya yığmasının yarımmüdafiəçisi Bruno Fernandes 5796 dəqiqə ilə ikinci olub. “Milan”ın və Fransa yığmasının qapıçısı Mayk Menyan isə 5624 dəqiqə ilə üçüncü pillədə qərarlaşıb.

Federiko Valverde 2017-ci ildən “Real”ın əsas komandasında çıxış edir. Valverde karyerasına “Penyarol”da başlayıb, 2015/2016-cı illər mövsümündə Uruqvay çempionluğunu qazanmış “Penyarol”da “Real”ın diqqətini çəkib və transfer edilərək, 2016/2017-ci illər mövsümünü “Real”ın “B” komandasında keçirib. 2017-ci ildə madridlilərin əsas komandasında debüt etmiş Valverde 2017/2018-ci illər mövsümünü “Deportivo La Korunya”da icarədə keçirib və növbəti mövsümdə “Real”a qayıdıb. Valverdenin “Kral klubu” ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış mövsümdə Valverde “qaymaqlılar”ın heyətində 65 oyuna çıxıb, 11 qol vurub, 8 məhsuldar ötürmə verib.

Valverdenin “Real”da ümumi göstəricisi isə belədir: 323 oyun, 32 qol, 31 məhsuldar ötürmə.

Valverde “kral klubu” ilə bütün mümkün klub turnirlərini qazanıb: İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2023/2024), FIFA Klub Dünya Kubokunun (2018, 2023), FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.

Valverde 2017-ci ilin sentyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 69 oyun keçirib, 8 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı uruqvaylı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
33
arena.az

1Mənbələr