“Vest Hem Yunayted” klubu yay transfer dönəmində növbəti transferini reallaşdırıb.
90deqiqe.Az-ın məlumatına görə, İngiltərə təmsilçisi 20 yaşlı sol cinah yarımmüdafiəçisi Malik Diufu heyətinə cəlb edib.
Seneqal millisinin üzvü London klubuna Çexiyanın “Slaviya” (Praqa) komandasında keçib. Tərəflər arasında razılaşdırılan transfer məbləği 22 milyon avro təşkil edir. Bu, Diufun Avropa karyerasında üçüncü klubu olacaq. O, daha öncə 2023–2024-cü illər aralığında Norveçin “Tromse” klubunda da çıxış edib.
Malik Diuf Seneqal milli komandasında 4 oyunda meydana çıxıb. Fiziki gücü və sürəti ilə seçilən gənc futbolçu gələcək üçün perspektivli transfer hesab olunur.
Qeyd edək ki, “Vest Hem” ötən mövsüm Premyer Liqanı 43 xalla 14-cü pillədə tamamlayıb. London klubu bu yay aparıcı oyunçularından biri – Məhəmməd Kudusu “Tottenhem”ə satıb. Bu transfer “çəkiclilər”in tarixində Deklan Raysdan (2023) sonra ikinci ən bahalı satış olub.