Volodimir Zelenski çoxlu vətəndaşlığın leqallaşdırılması haqqında qanunu imzaladığını və bu vətəndaşlığın tətbiq olunacağı ölkələrin siyahısının hazırlanmasına başlanması ilə bağlı göstəriş verdiyini bildirib.
Operativ Media xəbər verir ki, o, bu haqda teleqram kanalında yazıb.
O dərhal Ukrayna Ali Radasından göndərilmiş sənədləri – çoxlu vətəndaşlıq haqqında qanunu – imzaladığını qeyd edib.
"Bu qanunların həyata keçirilməsi üçün bütün altqanun aktlarının dərhal hazırlanaraq qəbul edilməsinə göstəriş verdim. Artıq çoxlu vətəndaşlığın tətbiq olunacağı ilk tərəfdaş ölkələrin müəyyən edilməsinə başlaya bilərik”, – deyə o, qeyd edib.
Ali Rada iyunun 18-də bu qanunu ikinci və sonuncu oxunuşda qəbul edib. Qanun, həmçinin, ukraynalılara eyni vaxtda Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etmiş ölkələrin vətəndaşlığını daşımağa icazə verir. Lakin daha sonra deputatlar iki bloklayıcı qərar layihəsi təqdim etdikləri üçün sənəd Rada sədri tərəfindən imzalana və prezidentə göndərilə bilməmişdi. Deputat Yaroslav Jeljaznyakın verdiyi məlumata görə, iyulun 15-də keçirilən iclasda bu qərar qəbul edilib və sənədin irəliləməsi üçün hüquqi əngəllər aradan qaldırılıb.
Çoxlu vətəndaşlıq haqqında qanuna əsasən, Ukrayna Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya daxil olan ölkələrin vətəndaşları Ukrayna vətəndaşlığını sadələşdirilmiş qaydada əldə edə biləcəklər. Hökumət bu siyahını hazırlayarkən həmin ölkənin Avropa İttifaqına üzv olub-olmaması və Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq edib-etməməsini nəzərə alacaq. Öz növbəsində, ukraynalılar da həmin siyahıya daxil olan ölkələrin vətəndaşlığını qəbul etməklə çoxlu vətəndaşlığa malik olmaq hüququ əldə edəcəklər. Qeyd edək ki, əvvəllər digər ölkənin vətəndaşlığını qəbul edən ukraynalılar mütləq şəkildə Ukrayna vətəndaşlığından çıxmalı idilər.