Azərbaycanda ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmış müəllimlərin həmin müəssisədə çalışma müddəti Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, hər dəfə 1 ildən çox olmayaraq, ümumilikdə 5 ildən çox olmamaqla uzadıla bilər.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib.
Çalışma müddətinin uzadılması işəgötürənin, yəni ümumi təhsil müəssisəsinin həmin müəllimə ehtiyacı olduqda həmin müəllimin razılığı əsasında həyata keçirilə bilər.
Məlumatda qeyd olunub ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, tədris ili ərzində çalışmanın yaş həddinə çatan müəllimlərlə öz razılıqları əsasında həmin tədris ilinin sonunadək müddətli əmək müqaviləsi bağlanılır.
"Tədris ilinin sonunda yaranacaq vakansiya yeni tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsində elan edilir. Belə ki, tədris ilinin yekunlaşması ilə əlaqədar mövcud kadr ehtiyacına uyğun olaraq təhlillər və yaş həddinə çatmış müəllimlərin müəssisədə çalışma müddəti ilə bağlı dəqiqləşdirmələr aparılır".
Sonda bildirilib ki, proses yekunlaşdıqdan sonra təqaüdə çıxacaq müəllimlərlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Aytac Bəhruzqızı