AZ

BMU-nun müəllim-tələbə heyəti üçün Çində təşkil olunan mübadilə proqramı başa çatıb

Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiyaları Universiteti (PKTU) arasında beynəlxalq əməkdaşlıq çərçivəsində təşkil olunmuş yay mübadilə proqramı başa çatıb.

Universitetdən AzEdu.az-a bildirilib ki, BMU-nun 46 nəfərdən ibarət nümayəndə heyətinin mübadilə proqramında iştirakı müəllim və tələbələrin peşəkar inkişafına, qlobal baxışlarının genişlənməsinə, eyni zamanda mədəniyyətlərarası dialoqun və dostluğun möhkəmlənməsinə töhfə xarakteri daşıyıb.

Proqramın bağlanış mərasimində açılış nitqi ilə çıxış edən PKTU-nun Beynəlxalq Təhsil Məktəbinin dekan müavini Yu Yue iştirakçıları salamlayaraq tədbirin beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyətini vurğulayıb. Ardınca proqram müddətində həyata keçirilmiş fəaliyyətlərə dair videoçarx nümayiş etdirilib.

Tədbirdə PKTU-nun Beynəlxalq Təhsil Məktəbinin rəhbəri Li Qifang və BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül çıxış edərək iki ali məktəb arasında bu il təməli qoyulmuş əməkdaşlığın-Kimya, Kompüter, Mexanika mühəndisliyi ixtisasları üzrə cari tədris ilindən etibarən həyata keçiriləcək 2+2 mödeli üzrə ikili diplom proqramının elmi-tədris əlaqələrini möhkəmləndirəcəyinə inamlarını ifadə edib və mübadilə proqramında əldə olunan müsbət nəticələrdən danışıblar.

Sonra proqramın iştirakçısı, BMU tələbəsi Aysu Cabrayılova Çin təhsil sistemi, universitetlərin tədqiqat imkanları ilə bağlı fikirlərini, eləcə də Çin mədəniyyəti haqqında xoş təəssüratlarını bölüşüb.

Bağlanış mərasiminin sonunda proqram iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, PKTU ilə BMU arasında əməkdaşlıq, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərindən (SDG) 4-cü-(Keyfiyyətli təhsil) və 17-ci (Məqsədlər üçün tərəfdaşlıq) istiqamətləri dəstəkləyir.

Seçilən
27
29
azedu.az

10Mənbələr