AZ

Sahib Alıyev: “Artıq Yaxın Şərqin bir parçası kimi çıxışlara başlayırıq”

Yazını böyüt
Yazını kiçilt

“Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Bakıya səfəri təkcə ölkələrimiz arasında ikitərəfli əlaqələr deyil, həm də Yaxın Şərqdə Azərbaycanın mövqelərinin möhkəmlənməsi baxımından önəmlidir. İyulun 10-da Əbu-Dabidə Azərbaycan və Ermənistan arasında keçirilən danışıqlar da göstərir ki, biz artıq Yaxın Şərqin bir parçası olaraq çıxış etməyə başlayırıq”.

Bunu Hafta.az-a açıqlamasında deputat Sahib Alıyev bildirib.

Deputat vurğulayıb ki, ölkəmizin bu geniş coğrafiyada proseslərə təsiri durmadan artacaq:

“SOCAR-ın İsrailin "Tamar" yatağının sözügedən dövlətin və ABŞ-nin Şevron şirkəti ilə birgə istismara hazırlaşması, Suriyanın enerji problemlərinin aradan qaldırılmasında, İraqın qaz hasilatının artırılmasında yer almaq planımız bu yöndə atılan ilk addımlardır.
Əhməd Əl Şaraanın səfəri zamanı o da bəlli oldu ki, ölkələrimiz humanitar əməkdaşlığı da genişləndirmək fikrindədir. Dövlətimiz Suriyadan gəlib burada təhsil alacaq tələbələrə təqaüd ayırmağı da düşünür. Çox ehtimal ki, onların arasında türkmən kimi tanınan soydaşlarımız da olacaq”.

S.Alıyev bu məsələni yumşaq güc potensialımızın artması və təsir çevrəsini artırması baxımından da önəmli hesab edib:

“Dövlətimiz Yaxın Şərqdə ziddiyyətlərin aradan qaldırılmasında da vasitəçi kimi çıxış edir. Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentinin Bakı səfərində ilk növbədə də İsraillə aralarındakı problemi yoluna qoymaq üçün bu məsələnin də diqqət mərkəzində olması mümkündür. Azərbaycan təkcə Yaxın Şərqdə deyil, Afrikada da mövqelərini həm də oradakı bəzi ölkələrin iqtisadiyyatına, təhlükəsizliklərinin möhkəmlənməsinə töhfə verməklə gücləndirməkdədir. Və bir sıra hallarda biz qardaş Türkiyə ilə sinxron hərəkət edirik. Digər türk dövlətləri də gələcəkdə bu prosesdə yer ala bilər”.

Seçilən
16
1
hafta.az

2Mənbələr