Bakı, 15 iyul, AZƏRTAC
Meningit baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyidir. İltihabın meydana gəlməsinin bir çox səbəbi var. Bu səbəblər infeksion və qeyri-infeksion olmaqla, iki böyük qrupa bölünür.
İcabri Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, meningitin diaqnostika və stasionar müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınıb. Bu xidmətlərə xəstəliyin diaqnozunun qoyulması, fərdi müalicə planının hazırlanması və stasionar şəraitdə tibbi yardım daxildir. Ötən il ərzində meningitin stasionar müalicəsi ilə bağlı icbari tibbi sığorta hesabına 100-dən çox tibbi xidmət göstərilib.
Meningitin dəqiq diaqnostikası üçün bir sıra laborator və instrumental müayinələr aparılır. Bu müayinələrə onurğa beyni mayesinin müayinəsi (lumbal punksiya), qanın ümumi və biokimyəvi analizi, C-reaktiv zülal və prokalsitonin testləri, elektrolit və qlükoza səviyyəsinin təyini, eləcə də, infeksiyanın müəyyən edilməsi üçün mikrobioloji və seroloji testlər, beynin KT, MRT və kontrastlı MRT müayinələri, yenidoğulmuşlar və bir yaşadək uşaqlara neyrosonoqrafiya (beyinin USM müayinəsi), beyin fəaliyyətinin qiymətləndirilməsi üçün EEQ aiddir.
Diaqnostik mərhələdən sonra tibbi göstəriş əsasında pasiyentlər stasionar müalicəyə cəlb edilirlər. Xəstəliyin etiologiya və ağırlıq dərəcəsindən asılı olaraq tətbiq edilən stasionar müalicə tədbirlərinə antibakterial, virusəleyhinə və göbələk əleyhinə terapiya, maye-elektrolit balansının bərpası, simptomatik müalicə daxildir. Qeyd olunan tibbi xidmətlər icbari tibbi sığorta hesabına həyata keçirilir.
Sözügedən xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında tibbi göstəriş əsasında icra edilir. Sığortaolunanlar tibbi xidmətlərdən yararlanmaq üçün ilk növbədə ailə həkiminə və ya ixtisaslı həkimə müraciət etməlidirlər.
Bildirək ki, infeksion meningitin törədiciləri bakteriya, virus, göbələk və ibtidailər (malyariya plazmodiumu, toksoplazma) ola bilər.
Qeyri-infeksion meningitlərə nadir rast gəlinir. Bu növ meningitlərə autoimmun xəstəliklər - sistem qırmızı qurdeşənəyi, revmatoid artrit və başqaları səbəb ola bilər. Bundan başqa, beyində yerləşən xoşxassəli şişlərin (kistlərin) yırtılması, bədxassəli şişin beyin qişalarını zədələməsi, beyin və onurğa beyni zədələri, beyində aparılan əməliyyatlar, bəzi dərmanların qəbuluna reaksiya olaraq (qeyri-steroid iltihab əleyhinə preparatlar, bəzi antibiotik qrupları və s.) da meningit inkişaf edə bilər. Xüsusilə azyaşlı uşaqlar, yaşlılar və immun sistemi zəif olanlar arasında geniş yayılmış bu xəstəlik yüksək hərarət, başağrısı, ənsə rigidliyi (sərtliyi), qusma, işığa qarşı həssaslıq, huşun bulanıqlığı, qıcolmalar kimi kəskin əlamətlərlə özünü göstərir və vaxtında müdaxilə olunmadıqda həyati təhlükə yarada bilər.
Sağlam insan bu xəstəliyə hava damcı (öskürmə, asqırma) yolu ilə, çirklənmiş qida və təmizlənməmiş su vasitəsilə yoluxa bilər. Bəzi hallarda törədici anadan dölə, həmçinin daşıyıcı həşəratın dişləməsi ilə (məsələn, malyariya zamanı) ötürülə bilər.
Meningitin bəzi formalarına qarşı peyvəndlər mövcuddur. Bu səbəbdən xüsusilə risk qrupuna daxil olan əhali qrupu vaxtında profilaktik tədbirlər görməli və ilk simptomlar müşahidə olunduqda dərhal həkimə müraciət etməlidirlər.