AZ

ZİYALI ÖMRÜ 

YƏDULLA  AĞAZADƏ - 75               
       

 Zülməti dağıdan işıqdır, aydınlıqdır ziyalılıq. Öz zəka işığını xalqın gələcəyi yolunda paylamaqdır ziyalılıq. Ürəklərə, beyinlərə nur çiləmək, gələcək nəslin yoluna çıraq tutmaqdır ziyalılıq.

Öz ömrünü xalqına həsr edən, elm və mərifət nurunu nəsildən-nəsilə ötürüb tarixləşən əsl ziyalılarımız çoxdur. Tanrının ona bəxş etdiyi ömür yolunda ziyalı adını özünə haqq edən aydınlarınızdan biri də Yədulla Ağazadədir.

 Yədulla Ağazadəni ötən əsrin səksəninci illərindən tanıyıram. Ilk dəfə “Leninçi” (indiki “Lənkəran”) qəzetinin səhifələrində bədii-publisist yazıların müəllifi kimi diqqətimi çəkən imzalardan biri olub Yədulla Ağazadə imzası. Onun o zaman Lənkərənın mədəniyyət və ictimai-siyasi həyatında xüsusi rolu olmuş, repressiya qurbanlarından olan Müzəffər Nəsirli haqqında  qələmə aldığı məqalə, yəqin ki, bütün rayon ziyalılarının marağına səbəb olmuşdu. Bu məqalə rayonun ictimai-siyasi həyatına yenicə qatılmış gənc ziyalının həyat manifesti kimi səslənirdi. İctimai fəallığı qısa zaman kəsiyində onu bütün rayonda tanıtdırdı. Qeyd edim ki, xalqın ictimai-siyasi şüurunun artdığı, meydan hərəkatının yüksəldiyi, eləcə də diletantlığın, yalançı ziyalılığın çoxaldığı həmin illərdə öz sözü, əməli ilə nüfuz qazanmaq, uğur əldə etmək asan məsələ deyildi. Bəzi diletant çıxışçıların prinspial mövqe tutan ziyalıları aşağılamaq istədiyi bir dövrdə öz məntiqli danışıq bacarığı, natiqlik istedadı ilə maneələri qırıb rayon ziyalıları arasında özünəməxsus mövqe tutmuşdu Yədulla müəllim. Təsadüfi deyil ki, o, həmin illərdə tanınmış bir ziyalı kimi rayon sovetinin deputatı seçilir. Doxsanıncı illərin əvvəllərində  milli münasibətlərin kəskinləşdiyi, siyasi hakimiyyətdəki qarşdurmaların çoxaldığı bir dövrdə rayon sovetinin sessiyalarında  məntiqi çıxışları ilə seçilərək dövlətçilik mövqeyinin müdafiəçisi kimi prinspial mövqe nümayiş etdirir. Odur ki, Respublika Ali Sovetinin 1993-cü il 13 avqust sessiyasında Lənkəran ziyalılarını təmsil edənlərin içərisində, öz mövqeyini ifadə edənlər arasında Yədulla Ağazadə də var idi.

Yədulla Ağazadə həyatı yaxşı bilir. Onun ən maraqla oxunan əsərlərindən biri də “Həyatı öyrəndiyim illər” adlı sənədli xatirə-povestidir. Qeyd edim ki, Yədulla müəllim hələ Azərbaycan Dövlət Universitetinin  (BDU) üçüncü kursunda oxuyarkən Lənkəran rayon mərkəzindən 36 km uzaqda yerləşən, maşın yolu, mərkəzlə marşrut əlaqəsi olmayan ucqar bir dağ kəndində müəllim işləməyə başlayır. Gənc olmasına baxmayaraq qısa bir zamanda məktəbin ən savadlı və nüfuzlu müəllimi kimi tanınır. “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olur. Rayon Təhsil Şöbəsi gənc pedaqoqa etimad göstərib onu işlədiyi Gəgiran kənd səkkizillik məktəbinə direktor təyin edir. Məktəbdə bəzi yaşlı müəllimlərin ona qarşı göstərdikləri qısqanclıqlara baxmayaraq həvəsdən düşmür , gərgin zəhmət hesabına məktəbi qabaqcıl məktəblər sırasına çatdırır. Kənddə yeni məktəb binası tikdirir.Yədulla müəllim bu kənddə keçirdiyi illəri “Həyatı öyrəndiyim illər” adlandırır. Orada keçirdiyi acılı-şirinli xatirələri bədii dillə oxucuları ilə bölüşür. Bu kitab onu oxuyanlar üçün də bir həyat məktəbi rolunu oynayır. On il direktor işlədikdən sonra o, şəhərə qayıdır. Şəhər 5 saylı tam orta məktəbində, Lənkəran Türk liseyində ixtisası üzrə müəllim işləyir. Bir neçə dəfə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olur. Rayonun nüfuzlu pedaqoqlarından biri kimi tanınır. Yuxarıda qeyd etdiyim şəhərin ictimai-siyasi həyatında fəal iştirakı da elə bu illərdən başlayır.

1992-ci ildə Lənkəran Dövlət Univüersiteti yarandıqda ora dəvət olunan müəllimlər arasında Yədulla müəllim də var idi. Sevindirici haldır ki, biz onunla doğma universitetdə həm tələbə-müəllim münasibətlərində olmuş, həm də müəllim kimi bir kafedrada çalışmışıq. Bu yaxınlıq bizi daha da ilgili etmiş və bir-birimizə daha yaxşı tanıtmışdır. Qeyd edim ki, univüersitetdə “Dil və ədəbiyyat” kafedrasının formalaşmasında, paytaxt universitetlərindən alimlərin mühazirələrə dəvət olunmasında Yədulla müəllimin xüsusi rolu var.

Lənkəranda universitetin yaranması yerli ziyalıların elmi fəaliyyətini inkişaf etdirmək üçün geniş imkanlar açır. Onsuz da bölgənin mədəniyyət tarixini, folklorunu, etnoqrafiyasını öyrənən, mətbuatda müxtəlif elmi-publisist məqalələrlə çıxış edən Yədulla müəllim görkəmli maarif xadimi, mədəniyyət tariximizin  və cənub folklorunun gözəl bilicisi Teymurbəy Bayramalibəyovun folklorşünaslıq fəaliyyəti haqqında namizədlik dissertasiyası üzərində işləyir və 1998-ci ildə  müdafiə edib universitetin ilk yerli alimlərindən biri olur.  Qeyd edim ki, regionun folklor tarixinin öyrənilməsi, Teymurbəy Bayraməlibəyovun yaradıcılığının tədqiq olunması təkcə elmi iş kimi yox, varisliyin davam etdirilməsi baxımından da təqdirəlayiqdir.

Elmi fəaliyyətini ilhamla davam etdirən Yədulla müəllim qısa müddətdən sonra – 2013-cü ildə “Azərbaycan ədəbiyyatında satirik poeziyanın təşəkkülü və inkişafı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edir və LDU- tarixində ilk filologiya elmləri doktoru alimlik dərəcəsi adına layiq görülür. O, 2019-cu ildən Ali Attestasiya Komissiyasının qərarı ilə “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə  professor vəzifəsinə təyin edilmişdir. 
Yədulla müəllimin " Teymurbəy Bayramalibəyovun folklorşünaslıq fəaliyyəti"(1998), "Qəhrəmanlığa bərabər ziyalılıq"(1999), "Teymurbəy Bayramalibəyov və folklor"(2003), "Həyatı öyrəndiyim illər"(2008), "Azərbaycan poeziyasında satira"(2010), "Müasir Azərbaycan poeziyasında Sabir satira ənənələri"(2013), "Azərbaycan ədəbiyyatında satirik poeziyanın təşəkkülü və inkişafı tarixi"(2013), "Tarixləşən-əbədiləşən ustad"(2015), "Müasir ədəbi proses və satirik poeziya"(2016), "Azərbaycan ədəbiyyatı tarixi (qədim və orta əsrlər)"(2018), "Ömür kitabından səhifələr"(2021), "Pirlər bulağından novatorluğa"(2024) və s kitabları işıq üzü görmüşdür. O, beş monoqrafiyanın, bir dərslik və dərs vəsaitinin, yüzə yaxın elmi, çoxsaylı ədəbi-tənqidi məqalənin müəllifidir. Elmi əsərləri bir çox xarici dillərdə çap olunub.

Yədulla müəllim ədəbiyyatın sirlərini ilk dəfə hələ orta məktəb illərində Respublikanın Əməkdar müəllimi, tədqiqatçı-alim, filologiya elmləri namizədi , klassik şeirimizin gözəl bilicisi, şair Mirhaşın Talışlıdan öyrənmişdir. Mirhaşım müəllim ədəbiyyatı və özünü şagirdlərinə sevdirə bilmişdi.  Yəqin ki, filoloq, ədəbiyyatşünas olmaq arzusu da müəlliminə olan sonsuz sevgidən, məhəbbətdən  yaranmışdı. Yədulla müəllim müəlliminin etimadını doğrultdu. Elm sahəsində daha irəli getdi, professor adına layiq görüldü. Və hələ qarşıda onu yeni tədqiqatlar, yeni zirvələr gözləyir. Onun müəlliminə olan etimadı və sədaqəti isə Mirhaşım Talışlının 90 illiyinə həsr etdiyi “Tarixləşən - əbədiləşən ustad” kitabında öz əksini tapmışdır. 2021-ci ildə o da müəllimi kimi Əməkdar müəllim adına layiq görüldü. Bu varisliyin əsl sədaqət nümunəsidir.

Yədulla müəllim elə ötən əsrin 80-ci illərindən AYB-nin Lənkəran Bölməsi ilə vaxtaşırı əlaqə saxlayan yaradıcı ziyalılarımızdan olub. 2006-cı ildən  Azərbaycan Yazıçılar Birliyinin, 2025-ci ildən isə Azərbaycan Aşıqlar Birliyinin üzvüdür. O, bölmənin poeziya məclislərində vaxtaşırı iştirak edərək oxunan əsərlərə öz ədəbi-tənqidi münasibətini bildirib. Odur ki, Yədulla müəllim bölgə yazarlarını da yaddan çıxarmır. Respublikanın qəzet və jurnal səhifələrində onların yaradıcılığı haqqında ədəbi-tənqidi məqalələrlə  çıxışlar edir. Və yəqin ki,  bu məqalələr nə vaxtsa ayrıca bir kitab halında nəşr olunacaqdır.

Bu il iyul ayının 1-də Yədulla müəllimin 75 yaşı tamam olur.  Gənc nəslin sabahına işıq saçan, ziyalı ömrü yaşayan Yədulla müəllimə can sağlığı, uzun ömür, elmi və pedoqoji yaradıcılığında uğurlar arzulayırıq.
                                                                       

 AĞAMİR  CAVAD
 

Seçilən
16
adalet.az

1Mənbələr