AZ

Kibermafiyanın beyni həbs olundu

Osman Gündüz: “Azərbaycanda ilk dəfə darknet cinayətkarları ifşa olundu”


Azərbaycanda kibercinayətkarlıqla mübarizə sahəsində ciddi boşluqlar mövcuddur. Ölkənin rəqəmsal təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edən mütəxəssislər bildirirlər ki, illərdir mövcud olan və fəaliyyətini qaranlıq internet seqmenti – darknet üzərindən quran kibercinayətkarlar faktiki olaraq nəzarətdən kənardadır.

30 ildir bu sektorda olduğunu vurğulayan Azərbaycan İnternet Forumunun prezidenti, İKT eksperti Osman Gündüz Azərbaycanda darknetdə reallaşan bir cinayətin açılması, burada “məskunlaşan” kibercinayətkarın tutulması ilə bağlı konkret bir hadisəni xatırlamadığını deyib:

 “Real dünyada cinayət yolu ilə əldə olunanların leqallaşdırılması üçün ofşor şirkətlər və banklardan, müxtəlif əmlaklara yatırımlardan, sənət əsərləri alqı-satqısından , “çirkli kassalar ”, qumarxanalar və landromatlatlardan istifadə olunur. Rəqəmsal dünyada isə bu proses qlobal şəbəkənin darknet deyilən seqmentində həyata keçirilir. Yəni rəqəmsal dünyada oğurlanan nə varsa burada satılır.

Dövlət və özəllərdən oğurlanan datalar, bank kartları, fərdi məlumatlar, prezidentlərdən tutmuş ən adi səviyyəyədək olan şəxslərin telefon nömrələrinin alqı-satqısı darknetdə həyata keçirilir. Ən peşəkar, ən bacarıqlı hakerlər burada “oturuşublar”. Xırda işlərlə məşğul olmurlar. Alqı-satqı prosesi də elə qurulur ki, heç bir izi-tozu qalmır, adətən anonim şəbəkələrdən, anonim brouzerlərdən, kriptolardan istifadə olunur. Onu da deyim ki, dünyada cəmi bir neçə ölkədə darknetdə baş verən cinayətlərin aşkara çıxarılması halları sahəsində təcrübə formalaşıb. Ən müasir kiber texnologiyalardan istifadə edilməklə bunlar həyata keçirilir. İndi məlum olur ki, DTX bu istiqamətdə uğurlu bir əməliyyat keçirib.

Azərbaycanda ilk dəfə olaraq “darknet” üzərindən fəaliyyət göstərən kibercinayətkar qrup DTX tərəfindən ifşa olunub. Dəstə üzvləri hətta kritik hesab olunan qurumlara kiber hücumlar etməklə uzun müddət xeyli “iş” görə biliblərmiş. 
Təsəvvür edirəm ki, onlarda kimlərlə və hansı qurumlarla bağlı hansı datalar ola bilərdi”.
O.Gündüz bildirib ki, xeyli sayda vətəndaşlarımızın şəxsi və maliyyə məlumatlarını ələ keçirmək üçün saxta saytlar, zərərli mobil tətbiqlər, spoofinq zənglər (istənilən şəxsin telefon nömrəsini təqlid etməklə zəng etməyə imkan verən proqram) və "phishing" texnikaları vasitəsilə sistemli şəkildə fəaliyyət göstəriblər. 
Bu səviyyədə gizli və texniki cəhətdən güclü qruplaşmanın aşkara çıxarılması sadəcə təsadüf və ya şikayət əsasında aşkarlanan bir hal ola bilməz: “Bunun ehtimalı sıfra bərabərdir. Darknetdə təsadüflər olmur. Düşünmək olar ki, DTX kritik sektorun kiber təhlükəsizliyi ilə bağlı son illərdə əldə etdiyi səlahiyyətlərdən sonra kiber əməliyyat potensialını xeyli inkişaf etdirə bilib və artıq “görünməyən internet”ə də real müdaxilə edə bildiyini göstərir. 
Aparılan əməliyyatın xarakterinə əsasən demək olar ki, qurum ciddi texniki, texnoloji  resurslar və insan kapitalı formalaşdıra bilib. İstisna etmirəm ki, beynəlxalq əməkdaşlıq da olmamış deyil. Beləliklə, DTX bununla sübut etmiş oldu ki, darknetdə data bazarlığı da gizli qalmayacaq. Çox təqdirəlayiqdir”. 
Həbs edilən Nihad Hacıyevin texniki-texnoloji cəhətdən yüksək hazırlıqlı bir gənc olduğunu vurğulayan O.Gündüz qeyd edib ki, onun fəaliyyəti cinayət xarakterli olsa da, bu qədər kompleks texniki biliklərin zərər üçün deyil, ölkənin kiber müdafiəsi üçün istifadə olunması daha faydalı olardı: “Bəlkə də, belə gənclər üçün alternativ cəza və reabilitasiya mexanizmləri düşünməyə ehtiyac var. Yoxsa biz potensial “mühafizəçi”ni “kiber hücumçu” kimi itirəcəyik. Çünki rəqəmsal təhlükələr də hər gün artır, amma bu təhlükələri zamanında anlayan və qarşısını alan kadrlar da çox azdır”.

Seçilən
31
sherg.az

1Mənbələr