Xəbər verdiyimiz kimi, iyulun 11-i “Terrorsuz Türkiyə” siyasi prosesi çərçivəsində İraqın Süleymaniyyə şəhərində bir qrup PKK üzvü silahlarını təhvil verib.
Paralel.az -ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu məqamda mərhum türkiyəli jurnalist Mehmet Ali Birandın 2012-ci ildə verdiyi müsahibə gündəmə gəlib. Belə ki, teleaparıcının müsahibəsində PKK terror təşkilatının hazırda həbsdə olan lideri Abdullah Öcalan barəsindəki fikirləri, xüsusilə onun azadlığa buraxılıb Türkiyə Böyük Millət Məclisinə (TBMM) daxil olacağı ilə bağlı proqnozu yenidən geniş müzakirələrə səbəb olub.
Məşhur jurnalist ölkəyə səs salan açıqlamasında bildirmişdi: “Öcalanla müsahibəm, məncə, jurnalistikanın zirvəsidir. Çünki bir jurnalist uzun illərdən bəri Türkiyəni sarsıdan, harada olduğu, harada yaşadığı bilinməyən insanla - PKK lideri ilə müsahibə edərək bildirdi ki, baxın adam budur, bunu düşünür, futbol oynayır, göyərçin bəsləyir və “Qalatasaray” fanatıdır. Bu gün də Öcalanla müsahibə etmək imkanım olsa, həmin dəqiqə edərəm. Əgər bir jurnalist “Öcalan məni çağırsa, onunla müsahibəyə qətiyyən getmərəm” deyirsə, elə o an bu peşəni buraxsın.
Atəşkəs olarsa, ilk addımlar atılarsa, əfv çıxarsa, Öcalanın da əfvinə ehtiyac yaranar. Öcalan bir siyasi partiya lideri ola bilər. Bu, demokratiyanın tələbidir. Dünya dəyişir və dəyişən dünya içində rollar da dəyişir. Əgər çox gecikilməzsə, Öcalan bir gün Türkiyədə Məclisə də girə bilər. Bunu edərsə, ancaq Rəcəb Tayyib Ərdoğan edə bilər. Mən ondan başqa bunu edə biləcək gücdə şəxs görə bilmirəm. Bu da ancaq 2014-2015-ci illərdən sonra ola bilər”.
Qeyd edək ki, Mehmet Ali Birand 1988-ci ildə Abdullah Öcalandan müsahibə alıb. O, 2013-cü ildə 72 yaşında vəfat edib.
Xatırladaq ki, PKK-nın 26 ildir İmralı həbsxanasında olan lideri Abdullah Öcalan 1999-cu il fevralın 15-də Milli Kəşfiyyat Təşkilatının (MİT) əməliyyatı nəticəsində Keniyada saxlanılaraq Türkiyəyə gətirilib. O, terror fəaliyyətlərinə görə ölüm cəzasına məhkum edilsə də, hökm daha sonradan ömürlük həbs cəzası ilə əvəz edilib.